Dövlət İmtahan Mərkəzi (DİM) mayın 15-də 15 şəhər və rayonda
ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar
keçirir.
Bu barədə Trend-ə DİM-dən məlumat verilib. Bildirilib ki, mayın
15-də:
– əvvəlki illərin məzunları 9 illik təhsil bazasında kolleclərə
qəbul imtahanı;
– müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları əlavə xarici dil
imtahanı;
– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli
dil üzrə vermək istəyən cari ilin məzunları əlavə tədris dili
imtahanı;
– aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında
müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə
müraciət edilmiş cari ilin IX sinif şagirdləri buraxılış
imtahanı;
– eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak
etmək istəyən şəxslər buraxılış imtahanı;
– buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX
sinif məzunları buraxılış imtahanı verirlər.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış
rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.
Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan
sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda 14 min 112 nəfərin iştirakı nəzərdə tutulur.
İmtahanlarda 13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların
rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca
zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab
vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin
edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə
ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları
hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala
daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait
yaradılıb.
Ümumilikdə imtahanların idarə olunmasına 59 ümumi imtahan
rəhbəri, 174 imtahan rəhbəri, 1332 nəzarətçi-müəllim, 132 buraxılış
rejimi əməkdaşı və 59 bina nümayəndəsi ayrılıb.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay,
Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında
keçirilir.