Bu gün Dardanel boğazı üzərində “Çanaqqala-1915” asma körpünün
istifadəyə verilməsi mərasimi baş tutacaq.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, Çanaqqala
döyüşündəki tarixi qələbənin 107-ci ildönümünə həsr olunan asma
körpünün açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
iştirak edəcək.
Dardanel boğazının Avropa və Asiya sahillərini ilk dəfə
birləşdirəcək “Çanaqqala -1915” körpüsünün tikintisinə 5100 nəfər
və 740 ədəd tikinti texnikası cəlb olunmuşdur.
Altı hərəkət zolaqlı (hər istiqamətdə üç zolaq) asma körpünün
ümumi uzunluğu 4 608 metrdir. Beləliklə, “Çanaqqala 1915” körpüsü
dünyanın ən uzun orta aşırımlı asma körpüsüdür.
Layihənin həyata keçirilməsi İstanbuldan ölkənin Egey bölgəsinə
alternativ və daha qısa marşrut yaradacaq. Yeni nəqliyyat marşrutu
turizmin inkişafına mühüm töhfə verəcək, Türkiyənin qərbindən və
şimal-qərbindən malların tədarükünü asanlaşdıracaq, Asiya ilə
Avropa arasında nəqliyyatı asanlaşdıracaq.