Bu gün daha 6424 fermerə 12 milyon manatdan artıq subsidiya ödənilib

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il
payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, aprelin 7-də AKİA tərəfindən payızlıq əkinlərə görə
6424 fermerə, ümumilikdə 12 milyon 195 min manat subsidiya ödənişi
həyata keçirilib. Bu gün ödənilən subsidiyalar 59 min 709 hektar
əkin sahəsini əhatə edir.

Bununla da 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar
əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin
subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151 milyon 700 min
manatdan çoxdur.

Qeyd edək ki, subsidiyalar kənd təsərrüfatı məhsulları
istehsalçılarının “Fermer kartı”na köçürülür. Fermerlər
qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini
bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd
şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral
gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə
bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına
sərf edə bilərlər.

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya
Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq
sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa
çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin
nəticələrini və sahələri sığorta etdirmələrinə dair müqavilələrin
surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər
həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada
həyata keçirilir.

Subsidiyaların ödənişi davam edəcək.

Teqlər: