Noyabrın 14-ü Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Yalçın oğlu Rüstəmlinin doğum günüdür.
Universitetdən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ silsiləsindəki yüksəkliklərin və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib, xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əsgərabad kəndində adını daşıyan abidə-bulaq kompleksi yaradılıb.
Kənan Rüstəmlinin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla anırıq! Allah rəhmət eləsin!