Bu gün Beynəlxalq Ana Dili Günüdür

Xəbər - Fərid Zöhrabov -Trend:

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd
olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə
UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan
edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin
Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə
aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların
xatirəsində canlandırır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf
etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini
yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin
zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil
almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə
vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla
ünsiyyət qurmağa imkan yaradır.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə,
milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin
millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna
yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və
qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.
Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur
gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni
yaşamışdır.

Trend xəbər verir ki,
ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər
sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin
qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət
dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət
dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf
etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı
milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində
daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin
xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq
nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam
etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən
digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının
müqəddəs borcudur.

Teqlər: