Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Xəbər - Fərid Zöhrabov – Trend:

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər
verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu
çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”,
“Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

Trend xəbər verir ki,
Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi
qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına
yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin
şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə
qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri
var: “Yel əsməyincə yarpaq tərpənməz”, “Yelin zarafatı qovmaqla
başlanır”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yel apardığını
qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı
el açar”, “Yeldən aman diləməzlər”, “Külək kimi hərdən bir yana
əsmə”, “Küləkli havada dənizdə çimməzlər”, “Kələknən gələn,
küləknən gedər”… İnanclara görə, “Yeli əsdirəni söymək olmazdı,
çünki onun arxasında Tanrı dayanır”, “Yelə tüpürsən, öz üstünə
qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o – Yel havamızı
təmizləyir, yeniləyir, dəyişir”. “Çərşənbə axşamları Tanrı ancaq
xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur”.

Qeyd edək ki, martın 15-də axırıncı – Torpaq çərşənbəsi qeyd
olunacaq. Yaz fəsli isə Azərbaycana martın 20-si saat 19:33-də
daxil olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart
ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar
gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci
bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25
mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri
də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə
əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart)
iş olmayacaq.

Twitter:@FaridZohrabov

Teqlər: