Bu gün Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal
rayonlarında, Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Ağdaş,
Balakən, Biləsuvar, Göyçay, İmişli, Qax, Qazax, Qusar, Yevlax
rayonlarında, Lənkəran və Şirvan şəhərlərində Dövlət İmtahan
Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanları keçirilir. Bundan əlavə, Zaqatalada tədrisi
gürcü dilində olan məktəblərin şagirdləri imtahan verirlər.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə,
imtahanda 22902 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 10 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi
nəzarətçilər təyin edilib.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 105 imtahan binası,
1757 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 105 ümumi
imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2178 nəzarətçi–müəllim, 214
buraxılışı təşkil edən əməkdaş (mühafizə), 105 bina nümayəndəsi
ayrılıb.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış
rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə
çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi
şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə
imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca
vərəqdə çap olunmalıdır);
– Şəxsiyyəti təsdiq edən sənədin əsli;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).