Bu gün 26 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün növbəti qəbul imtahanları
keçirəcək.

Trend xəbər verir ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə,
Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir,
Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz
rayonlarında və Naxçıvan MR-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V
ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil
bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış
imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək
istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul
imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə
vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı,
mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif
səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət
edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı,
eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak
etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış
imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və
barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif
məzunları üçün buraxılış imtahanı keçiriləcək.

İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış
vərəqəsi”ni DİM-in saytından çap edib götürə biliblər. Buraxılış
vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunub.
Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr,
onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılıb.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün
(burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə
etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses
(buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk
edilməsi) boyu istifadə olunmalıdır.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə
çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi
abituriyentin (şagirdin) özündə saxlanıldığı, sağlamlıq haqqında
bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki
sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 26 087 (Bakıda 8 396, Naxçıvanda 1 508, Gəncədə 1 871,
Şəmkirdə 529, Qazaxda 710, Sumqayıtda 1 145, Abşeronda 991,
Mingəçevirdə 1 083, Şəkidə 1 265, Bərdədə 1513, Göyçayda 615,
Kürdəmirdə 622, Şirvanda 677, Sabirabadda 838, Salyanda 854,
Lənkəranda 1 420, Cəlilabadda 555, Xaçmazda 1495) nəfərin iştirakı
nəzərdə tutulur.

İmtahanlarda 48 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi
nəzarətçilər təyin edilib. İmtahanların idarə olunması üçün 109
ümumi imtahan rəhbəri, 318 imtahan rəhbəri, 2 498
nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı və 109 bina
nümayəndəsi ayrılıb.

Teqlər: