Dövlət İmtahan Mərkəzi (DİM) martın 6-da tam (11 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirir.
DİM-dən AzerTimes-a
bildirilib ki, bugünkü imtahanlarda 24 min 824 nəfərin iştirakı
gözlənilir. İmtahan Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi
rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz,
Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı,
Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında keçirilir. Bu gün,
həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin
şagirdləri imtahan verirlər.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış
rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və
buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan
binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə
olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün
(burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə
etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses
(buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk
edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə
çap edilir və imzalanır. Buraxılış vərəqəsi şagirdin özündə
saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan
nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə
çap olunmalıdır);
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə
DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə
bilirlər.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq
imtahan binalarında bir sıra profilaktik tədbirlər – hər bir otağa
düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə
tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə
(əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. İmtahanın
idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri,
nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19
peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb
olunur.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan
iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən
hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən
istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan
şəxslər buraxılır.
İmtahan iştirakçıları binaya daxil olmaq üçün yoxlamadan
keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən
sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf
uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü
göstərməlidir.