Bu gün 23 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Aprelin 16-da Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən,
Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında,
Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət
İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. Bu gün tədrisi
gürcü dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

DİM-dən AzerTimes-a bildirilib ki, bugünkü imtahanlarda 23 min 107
şagirdin iştirakı gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış
rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və
buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan
binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə
olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün
(burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə
etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses
(buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk
edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıda qeyd edilən sənədləri
gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap
edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə
saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan
nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə
çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan
iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən
hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən
istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan
şəxslər buraxılır.

Şagirdlər binaya daxil olmaq üçün yoxlamadan keçərkən sosial
məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini
DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti
olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Teqlər: