Bu gün 15 şəhər və rayonda buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 5-də tam (11 illik)
orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

DİM-dən AzerTimes-a verilən xəbərə görə, Mərkəz tərəfindən pandemiya
şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə
imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti
müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.)
təmin olunub.

İmtahan 15 şəhər və rayonda keçirilib. İmtahanın təşkil edilməsi
üçün ümumilikdə 105 imtahan binası, 1757 imtahan zalı ayrılıb.
İmtahanın idarə olunmasına 105 ümumi imtahan rəhbəri, 282 imtahan
rəhbəri, 2178 nəzarətçi–müəllim, 214 buraxılışı təşkil edən əməkdaş
(mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında
sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına
buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə
təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən
elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 4 şagirddə mobil telefon aşkarlandığı
üçün imtahandan xaric edilib.


Bundan başqa, 1 imtahan nəzarətçisində mobil telefon aşkar
edildiyi üçün, digər 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı
üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallar araşdırılır və
həmin nəzarətçi-müəllimlərlə bağlı Təhsil Nazirliyinə müraciət
olunacaq.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında
olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti
başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana
gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən
şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha
xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən
buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında
bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət
vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil
müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış
arayışı gətirməyi unutmasınlar.

Martın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqləri, kartlarının emalına başlanılacaq. İmtahanlarda istifadə
olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların
yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 1-dək
elan olunması nəzərdə tutulur.

Teqlər: