Hər şeydən öncə Fransa Prezidenti Makronun Azərbaycan haqqında yalan və iftira dolu açıqlamalarını birmənalı və qəti şəkildə pisləyirəm.
Bu sözləri AzerTimes-a açıqlaması zamanı Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi və Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Makron iftira və yalanlarına görə Türkiyə və Azərbaycandan üzr istəməlidir:
“Makronun sözləri Fransa kimi bir dövlətin prezidentinə yaraşmır. Düşünürəm ki, Makron bəlkə xəritədə də soruşsan, Azərbaycanı göstərə bilməz. Çünki Azərbaycanı tanısa, tarixini, ən əsası da münaqişənin köklərini bilsə, belə küçə sözləri ilə danışmaz. Fransa Prezidenti hər şeydən öncə İlham Əliyevdən, Azərbaycan xalqından və Türkiyədən üzr istəməlidir. Onun və Fransanın vasitəçiliyi, həmsədr dövlət kimi fəaliyyəti Qarabağın 30 il işğal altında qalmasının əsas səbəblərindəndir. BMT TŞ-nin məlum dörd qətnaməsinin altında Fransanın da imzası var. Əvvəl də vurğuladığım kimi, yenə qeyd etmək istəyirəm ki, bu həmsədrlik institutu Qarabağ məsələsinin həlli üçün yox, həll edilməməsi üçün qurulmuşdu. İkinci Qarabağ müharibəsi zamanı Makronun sərgilədiyi mövqe də Fransanın son 30 ildə Azərbaycan xalqına qarşı xəyanət içində olduğunu göstərdi. Demokratiyadan, insan haqlarından, beynəlxalq hüquqdan danışanda ağızlarına çullu dovşan sığmır. Amma indi onların dediklərinin boş sözlər olduğunu görürük. Makronun Türkiyə və Rusiyanı ittiham etməsi kənardan baxanda insana çox gülməli gəlir. Onun Rusiyanın Azərbaycanı qızışdırması haqqında dediyi sözlər isə böyük bir yalandır. Makron özü boyda bir yalan deyib. Bunun başqa cür izahı yoxdur. Cənab İlham Əliyevin də əvvəl dediyi kimi, əgər çox istəyirsə, Marseli Ermənistan etsin. Onda həm Fransa Ermənistanla qonşu olar, həm də Ermənistanın dənizə çıxışı olar. Onsuz da Cənubi Qafqazda ortalığı qarışdırmaqdan başqa bir işə yaramırlar. Əgər Makron bunu daxili auditoriya üçün, ölkə ictimaiyyəti üçün edirsə, onda sual vermək lazımdır ki, Fransa ictimaiyyəti yalnız ermənilərdən ibarətdir? Orada bizim vətəndaşlarımız da yaşayır. Yoxsa, Fransa tamamilə erməni lobbisinə və diasporuna təslim olub? Demək ki, Fransa təslim olub və Makrona bunları dedirdirlər”.
Hulusi Kılıç Fransanın əslində vasitəçilik pərdəsi altında başlayan müzakirə prosesini baltalamaq istədiyini vurğulayıb:
“Bu ilin 4 fevralında Makronun təşəbbüsü və iştirakı ilə İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Nikol Paşinyan arasında videoformatda görüş keçirildi. 6 oktyabrda da Praqada dördtərəfli görüş oldu. Demək ki, cənab İlham Əliyev sözügedən görüşlərdə bunlara qarşı təkbaşına diplomatik mübarizə aparıb. Ancaq həmişə dediyimiz kimi, bir türk lazım gələndə haqq üçün təkbaşına bütün dünyaya da qarşı dayana bilər. Şarl Mişeldə də erməni təəssübkeşliyinin olduğunu bilirik. Qaz üçün Azərbaycanın qapısını döyən Avropa rəhbərləri Makronu başa salmalıdır, çünki nə dediyini bilmir. Bütün bunlara görə, Türkiyə və Azərbaycan bir olmalıdır. Çünki gücümüz birliyimizdədir. Burdan da Makrona səslənirəm: “Türkiyə və Azərbaycan sülh istəyir, Ermənistana da ədalətli bir şəkildə münasibətlərin normallaşdırılması təklifini verib. Artıq müəyyən addımlar atılıb. Sənə səs verən fransız xalqı var. Suyu bulandırıb, özünü bu qədər biabır etmə. Bu aş bişmək üzrədir, bişən aşa su qatma”. Deməyə söz tapmaq çətindir. Uzun illərdir ki, diplomat kimi çalışıram, ancaq mən öz təcrübəmdə heç vaxt belə nataraz prezident görməmişəm. Fransa dörd qətnamənin altında imzası olan, MQ-nin həmsədrlərindən olmuş bir ölkədir. Ancaq etdiklərinə bir baxın. Təkrar deyirəm, onsuz da Ermənistan burada aclıq və səfalət içində yaşayır. Makron əgər belə çox istəyirsə, Ermənistanı Marseldə yerləşdirsin. Belə olsa, istədiyi zaman gedib onu görə bilər. Həm də sevgilərinə heç kim mane olmaz”.