Bu gölün sahilindəyik, Göyçə isə önümüzdə… – Əliyev

Bu gölün sahilindəyik, Göyçə isə önümüzdə… – Əliyev

13-14 sentyabr hadisələri elə-belə baş vermədi. Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev hərbçilər qarşısında çıxışında deyib.

“Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik.

13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün.

Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır”, – İlham Əliyev bildirib.

Teqlər: