Bu gedişlə Ermənistandakı bugünkü acınacaqlı vəziyyət daha da pisləşəcək – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistan regionda kommunikasiya xətlərinin açılmasını ləngitməklə özünü daha çətin və acınacaqlı vəziyyətə salır. Bu gedişlə Ermənistandakı bugünkü acınacaqlı vəziyyət daha pis formaya çevriləcək ki, bu da ölkənin gələcək taleyini böyük sual altına qoyacaq.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 il müddətində işğal altında saxladığı üçün Azərbaycan Prezidenti İlham Əliyevin düzgün düşünülmüş siyasəti nəticəsində Ermənistan bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qalıb və dalan bir dövlətə çevrilib: “44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra Ermənistan daha acınacaqlı və rəzil bir ölkəyə çevrildi. Bu gün Ermənistanda siyasi, iqtisadi, sosial, psixoloji, hərbi və digər bütün sahələrdə böhran hökm sürür. İmkanı olan Ermənistanı tərk edir və beləliklə, əhalinin sayında ciddi azalma müşahidə olunur”.

Deputat qeyd edib ki, bu gün Ermənistanın yeganə çıxış yolu qonşu ölkələrlə, xüsusilə, Azərbaycanla münasibətlərin tənzimlənməsindən keçir: “Ermənistan beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da regionda kommunikasiyaların açılmasına əngəl olmamalıdır. Bu, daha çox Ermənistana lazımdır, çünki bu gün Ermənistanın ağır böhrandan çıxması üçün yeganə yol Azərbaycanla münasibətləri tənzimləmək, eyni zamanda sərhədlərin demarkasiya və delimitasiyasını başa çatdıraraq, kommunikasiyaların açılmasına nail olmaqdır”.

Teqlər: