Sözügedən məsələ ilə bağlı cəmiyyətimizdə son günlər cəmiyyətimizdə çox geniş müzakirələr aparıldı və biz təxmini şəkildə prosesin gedişatı və mümkün nəticələri haqqında fikir yürüdə bilirdik.
Bu sözləri AzerTimes-a BMT TŞ-nin Ermənistanın tələbi ilə keçirilən iclası haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib. Siyasi şərhçi Azərbaycanın əleyhimizə qərar qəbul edilsə belə, buna qətiyyətlə qarşı çıxmağı gözə aldığını bildirib:
“BMT TŞ-nin tərkibində Qoşulmama Hərəkatı və üçüncü dünya ölkələrinin üzvləri az olduğu üçün Azərbaycanın kifayət qədər dəstək ala bilməyəcəyi barədə gözləntilər var idi. 44 günlük müharibə dövründə BMT TŞ-nin yeddi qeyri-daimi üzvü eyni zamanda Qoşulmama Hərəkatının üzvü idi və onlar iki dəfə səssiz çoxluqla ölkəmiz əleyhinə qərar qəbul edilməsinə əngəl oldu. İndi isə bu tərkib kifayət qədər dəyişib. Azərbaycan dövləti də nəyin bahasına olursa-olsun, suverenliyimizə, ərazi bütövlüyümüzə və müstəqilliyimizə qarşı qərar qəbul ediləcəyi təqdirdə qoyulan şərtləri yerinə yetirməməyi gözə almışdı. Çünki bu artıq son nöqtədir və heç bir halda geriyə də addım atmaq olmaz”.
Turab Rzayev iclas zamanı daimi və qeyri-daimi üzvlərin sərgilədikləri mövqelərdən bəhs edib:
“Müzakirələr zamanı dövlətlərin mövqeləri əvvəlcədən təxmin edilən kimi oldu. Fransa, Qana açıq şəkildə Ermənistanı müdafiə etdi, “soyqırım”la bağlı iddialar səsləndirdilər. İclasa ABŞ sədrlik edirdi, ancaq nə qədər neytral kimi görünməyə çalışsalar da, son dövrlərdə Bayden administrasiyasında güclənən liberal sol kəsimlərin ermənilərə duyduğu simpatiya sərgilədikləri mövqedə özünü büruzə verdi. Çünki açıq şəkildə Laçın yolu və “blokada” məsələsində bu daha çox hiss olundu. Eyni zamanda Azərbaycanın “dq” ilə danışığa çağırılması bizim üçün gözlənilməz oldu. Çünki Vaşinqton prosesi zamanı Entoni Blinken Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırıb. Brazilya ölkəmizin mövqeyini müdafiə etdi, hətta Xankəndi adını işlətdikləri üçün ermənilərin tənqid və təhqirlərinə məruz qaldılar. Albaniyaya xüsusi təşəkkür düşür. Bu ölkə Frankofoniyada olduğu kimi açıq və qəti şəkildə ölkəmizi müdafiə etdi. Eyni zamanda Rusiyanın da bu məsələdə Qərbin müdaxiləsinin və məsələnin BMT TŞ-də müzakirəsinin əleyhinə olduğu dolayı yolla özünü göstərdi. Bizim üçün əsas gözlənilməz olan məqamlardan biri Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi idi. Çünki Azərbaycanla qarşılıqlı iqtisadi və siyasi əlaqələri olan BƏƏ-nin 44 günlük müharibə dövründəki kimi dövlətimizin maraqlarına xəyanət etməsi nə İslam həmrəyliyinə, nə də ki əlaqələrin ruhuna yaraşmadı. Burada uzun illərdir oturuşmuş Türkiyə düşmənçiliyinin və ya Fransa və digər ölkələrin təzyiqlər göstərməsinin BƏƏ-nin belə mövqe sərgiləməsinə təsiri olması mümkündür. Ancaq bütün hallarda iclasın gedişatı Ermənistanın gözlədiyindən qat-qat aşağı oldu. Onlar daha təsirli nəticənin olacağını düşünürlər. Ancaq sadaladığımız faktorlar, ABŞ-ın müəyyən mənada neytrallığı qoruması, AB nümayəndəsinin kifayət qədər balanslı çıxışı və Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna istinad etməsi, ölkəmizin tərəfdaşlarının məsələyə müdaxiləsi Ermənistanın gözlədiyi nəticənin ortaya çıxmasının qarşısını aldı. Son nəticədə bu iclas rəsmi İrəvanın xarici siyasətinin fiyaskosu oldu. İclası siyasi şouya çevirmək cəhdi qarşıda Ermənistana ciddi şəkildə mənfi təsir göstərəcək. Çünki BMT TŞ-də məsələnin müzakirəsinə nail olmaq üçün bütün resursları işə saldılar.
Siyasi şərhçi Azərbaycanın Qoşulmama Hərəkatı və ayrı-ayrı ölkələrlə bağlı xarici siyasətindən, bunun BMT TŞ-nin qərarına təsirindən və eyni zamanda çatışmayan cəhətlərdən danışıb:
“Belə bir kampaniyaya yenidən başlamaq üçün isə xeyli müddət lazımdır. Əlbəttə ki, burada Azərbaycanın atdığı uğurlu addımların da rolu var. Dövlətimizin Qoşulmama Hərəkatına xüsusi diqqət ayırması buna nümunədir. Azərbaycanın Balkan ölkələri bağlı xüsusi strategiyası var, Latın Amerikası və Cənubi Afrika ölkələri ilə münasibətlərin normallaşdırılması üçün addımlar atılır. Digər tərəfdən dövlətimizin BMT TŞ-yə təqdim etdiyi sübutlar da tutarlı idi. Çatışmazlıqlar da var. Bunlardan biri məsələnin belə həddə çatması idi. Prosesin əvvəlcədən qarşısı alınmalı idi. Çünki vaxtilə BMT TŞ özü bu məsələyə baxmaq yerinə, onu ATƏT-ə həvalə edib. Müxtəlif diplomatik yollar ilə elə bir vəziyyət formalaşdırılmalı idi ki, bu məsələ BMT TŞ-yə çıxarılmasın. Oradakı üzv dövlətlərlə daha aktiv və effektiv şəkildə çalışmalı idik. Öz haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, mətbuat və lobbiçilik məsələsində təəssüf ki, ermənilərdən geri qalırıq. Vaşinqtonda, AB-də və digər tribunalarda əvvəlki kimi biz təşəbbüsü öz əlimizə almalıyıq. Əlimizə düşən fürsətdən yararlanmalı və hücumda olmalıyıq”.