Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərlə bağlı qərarının Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına təsir edəcəyini düşünmürəm. Azərbaycan sıradan bir dövlət deyil. Sıradan bir coğrafiyada da yerləşməyib.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
İlham Əliyevin xaqının mənafeyini düşünən lider olduğunu deyən Karauz bildirib ki, dövlət başçısı qərarlarını da buna görə hesablayır:
“Böyük imperialist güclər hər zaman Azərbaycanın gücünü azaltmaq üçün fürsət axtarıblar. Azərbaycanı daxili problemləri ilə mübarizə aparmağa sövq etməyə çalışıblar. Lakin İlham Əliyev bütün bunların olmasına fürsət vermir. Onun seçkilərlə bağlı bu qərarını xalqın dəstəyini yenidən yüksək səviyyədə qazanmaq, uzaqgörən, ağıllı, qanuni, dostlarla əməkdaşlığa əsaslanan siyasəti sürətləndirmək üçün ictimaiyyətin dəstəyinə müraciət kimi qiymətləndirirəm.
Bu seçkilərdə də Azərbaycan xalqının Ali Baş Komandana və Qarabağ zəfərinin memarına yüksək faizlə səs verəcəyinə inanıram. Budəfəki seçki önəm daşıyır. Çünki Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə öz torpağı olan Qarabağla birgə seçkilər keçirəcək. Bu, çox böyük bir qürurdur”.