Xəbər - Elçin Mehdiyev – Trend:
Dövlət Məşğulluq Agentliyinin işçilərinə kompensasiya veriləcək.
AzerTimes-ın məlumatına görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik təklif edilir.
Belə ki, qanuna iki yeni (24.12 və 24.13) maddə əlavə olunur.
Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 24.2-ci maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödəniləcəck.
Digər bir dəyişiklikdə isə qeyd edilib ki, bu Qanunun 24.1.3-cü maddəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsi ilə bağlı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərcləri və təlimçilərə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Sənədin qeyd hissəsində bildirilir ki, Qanun layihəsi işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını təsbit edən mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır və özündə aşağıdakıları nəzərdə tutur:
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.5-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il ərzində monitorinqi işsiz şəxslərin özünüməşğulluğunun təşkili mərhələlərindən biridir. Bu Qanunun 24.2-ci maddəsinə uğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir, uyğun istifadə edilmədiyi təqdirdə isə qanunvericiliyə əsasən zəruri tədbirlər görülür.
Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili” Qaydasında göstərilir ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Sözügedən Qaydanın 5.3-cü bəndinə əsasən işsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrıayrı sahələri üzrə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Seçilmiş məkanlar inzibati ərazi vahidinin müxtəlif istiqamətlərində yerləşdiyindən, Dövlət Məşğulluq Agentliyinin monitorinqi aparan işçiləri xeyli maddi vəsaitlər xərcləmək məcburiyyətində qalır.
Qanun layihəsində təsbit edilməsi nəzərdə tutulan 24.12-ci maddəsində də məhz həmin vəsaitlərin ödənilməsi məqsədilə monitorinqi aparan işçilərə kompensasiyanın ödənilməsi təklif edilir.
Bundan başqa, müvafiq Qanunun 24.1.3-cü maddəsinə əsasən özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Qanun layihəsinin yeni 24.13-cü maddəsində bu xərclərin məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilməsi təklif olunur.
Twitter: @ElchinMehdiyev