Xəbər - Elçin Mehdiyev – Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il iyulun 31-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçiriləcək.
DİM-dən AzerTimes-a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı
İmtahan saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
DSMF-yə işə qəbul imtahanının keçirilməsi üçün 7 bina, 128 zal, 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 165 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. Namizədlərin qeydiyyatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 1777 nəfərin namizədliyi qeydə alınıb.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi namizədin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
İmtahan iştirakçıları daha ətraflı məlumatla “Namizədin yaddaş kitabçası”nda tanış ola bilərlər.
İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı
İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat hələ davam edir və bu gün saat 14:00-da başa çatacaq. İmtahan saat 11:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 10:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.