Xəbər - Elçin Mehdiyev – Trend:
Bir sıra dövlət qurumlarında əsassız icra edilmiş vəsaitlərin müvafiq qaydada bərpası təmin edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2020-ci il üzrə hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlər üzrə qurumlar tərəfindən atılmış addımlar hesabat ilində də izlənmişdir. 2020-ci ildə əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticəsi kimi 20-dən çox qurumdan məlumatlar daxil olmuşdur. Həmin məlumatlar artıq və əsassız icra edilmiş vəsaitlərin müvafiq qaydada bərpası ilə yanaşı bir sıra digər tədbirləri də əhatə etmişdir.
Qeyd edək ki, dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarının büdcəsinə və qurumların hesabına vəsaitlərin bərpası ilə yanaşı, nöqsanların aradan qaldırılması məqsədilə, bir sıra digər tədbirlər də həyata keçirilir.
Hesabat ilində əvvəlki illərdə başa çatmış auditlər üzrə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 379,6 min manat, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 795,5 min manat, AMEA tərəfindən 13,9 min manat, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 7,0 min manat, bank kredit, valyuta əməliyyatları və dövlət borcu ilə bağlı audit üzrə isə 480,5 min manat, DSMF-in Gəncə şəhəri Kəpəz və Nizami, həmçinin Abşeron və Salyan rayon şöbələri tərəfindən 13,1 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib.
Əlavə olaraq, BNA tərəfindən 128,9 min manat və AMEA tərəfindən 355,1 min manat məbləğində debitor borc bağlanılıb.