Bu dəhliz (Şimal-Cənub dəhlizi – red.) çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Şimal-Cənub dəhlizindən danışarkən deyib.
“Aydındır, çünki suveren fondlar həmişə etibarlı investisiya sahələri axtarır. Bu layihə etibarlı investisiyalardan biridir, çünki onun gəlirliliyinə təminat və zəmanət var.
Burada əlavə, araşdırma tələb edən məsələlər var. Bu dəhliz hansı ərazilər, o cümlədən Azərbaycanın hansı əraziləri üzrə olacaq və onu necə maliyyələşdirəcəyik? Bu, kredit şəklində olacaq, yoxsa Rusiya tərəfindən birbaşa maliyyələşdiriləcək? Bu dəhliz Azərbaycan ərazisindən Qərbə gedən yollarla necə birləşəcək? Sonra iranlı tərəfdaşlarımızla, dostlarımızla İran ərazisindən keçən bu yolun şaxələndirilmiş hissələrini necə inşa edəcəyimizi, bu şaxələrin dar və ya geniş olacağını müzakirə edərək yekunlaşdırmalıyıq. Ancaq ən başlıcası odur ki, hamı bu layihənin həyata keçirilməsinin tərəfdarıdır. Biz faktiki olaraq bu işə rəhbərlik məsələsini həll etmişik. Bizdə VTB bununla fəal şəkildə məşğul olur. Mən bu layihəni həyata keçirəcəyimizə qətiyyən şübhə etmirəm. Məsələ, əlbəttə ki, müddət və xərclərlə bağlıdır, lakin ümumən bu məsələlər, demək olar ki, işlənərək hazırlanıb. Beləliklə, bu, çox yaxşı bir layihədir, lakin birgə həyata keçirdiyimiz yeganə layihə deyil.
Bundan başqa, Azərbaycan Xəzəryanı dövlətdir, Xəzəryanı dövlətlərin beşliyinə daxildir və burada da, o cümlədən Xəzər dənizinin ekologiyası ilə bağlı məsələlərdə də bizim bir çox ümumi maraqlarımız var”, – Putin qeyd edib.