“Bu davanı uduzsaq, qız-gəlini dənizə tökərik” – Qoçuların mart mübarizəsi (VİDEO)

Azərbaycan Televiziyası 31 Mart – Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı bədii-sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, “Hökm” adlı filmdə hadisələr Bakıda cərəyan
edir.

1918-ci ilin mart ayının ağır günlərindən bəhs edən ekran işində
mülki əhalinin birləşərək erməni-daşnak dəstələrinə müqaviməti əks
olunub. Belə ki, türk ordusu gələnə qədər Bakıda əsas yük qoçuların
üzərinə düşürdü. Onlar şəhər əhli arasından könüllü dəstələr
toplayaraq son güllələrinədək döyüşür, daha sonra isə xəncərlərinə
sarılaraq düşmən üzərinə hücuma keçirdilər.

Bu yükü üzərinə götürən Bakı qoçularından biri də Nəcəfqulu adlı
gənc idi. Filmdə onun erməni-daşnak dəstələrinə müqaviməti xüsusi
olaraq vurğulanır.

Sovet hakimiyyəti qurulandan sonra isə Nəcəfqulu və daha 12 Bakı
qoçusu inqilabçı Əli Bayramovun qətlində ittiham olunur. Onlara
qarşı haqsızlıq edilir və barələrində ölüm hökmü verilir.

Bədii-sənədli filmdə qoçuların həm də qadın və uşaqları öz
canları bahasına qoruduqları, uduzacaqları təqdirdə qadınların
düşmən əlinə keçməməsi üçün plan qurduqları səhnələşdirilib. Yaşlı
qoçulardan biri “Allah eləməsin, birdən bu davanı uduzsaq,
qız-gəlini dənizə tökərik” deyir və qadınları qorumağın nə qədər
vacib olduğunu xatırladır.

Filmin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə,
operatoru Aqşin Rzayev, layihə rəhbəri isə Həmid Əsədzadədir.

“Hökm” martın 31-i saat 18:30-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanın ilk və ən qocaman televiziya
kanalı olan AzTV 1956-cı il fevralın 14-də yayıma başlayıb. 24 saat
yayımlanan televiziya kanalına bu gün dünyanın bir çox ölkələrində
baxmaq mümkündür. Azərbaycan Televiziyasının Avropa, Türkiyə,
Şimali Kipr, Rusiya, Ukrayna, Amerika, Kanada, Orta Asiya,
Gürcüstan, Şərqi Asiya və Çində müxbir məntəqələri fəaliyyət
göstərir. 2013-cü ildən isə Ərəb ölkələri və Şimali Afrika bürosu
fəaliyyətə başlayıb.

2004-cü ilin fevralından AzTV-nin Avropa ölkələrində daha
keyfiyyətli yayımı təmin edilib. “Teleradio” İstehsalat Birliyi
mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV-Up-link
stansiyasını quraşdırması nəticəsində Azərbaycan Televiziyasının
verilişləri Avropaya “Hot Bird” və “SESAT”, Şimali Amerikaya
“Galaxy 25”, Asiyaya “Turksat 1C” peykləri vasitəsilə yayılır.
2013-cü ildən isə “Azerspace-1” peyki ilə yayımlanır. 2007-ci ildə
Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası
“Avropa keyfiyyəti” medalına layiq görülüb.

2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.

Teqlər: