Bu bir ildə dövləti hər an yanımızda gördük – Şəhid anası (Trend TV-nin Tovuzdan REPORTAJI)

Tovuz. Aslan Məmmədli – Trend:

Tovuz hadisələrindən tam 1 il ötür. Ermənistan silahlı qüvvələri ötən il iyulun 12-də daha da azğınlaşaraq Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozdu. Xüsusilə, düşmənin yaşayış məntəqələrimizi iriçaplı silahlardan atəşə tutması nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu. İnfrastruktura da xeyli ziyan dəydi.

Döyüşlər zamanı rayonun xüsusilə Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndləri daha çox zərər gördü.

Tovuz döyüşlərinin ildönümü ərəfəsində Trend TV-nin çəkiliş qrupu ermənilərin bombardmanı nəticəsində dağıdılan kəndlərdə tikinti-bərpa işlərinin nəticələri ilə tanış olub.

Əməkdaşlarımız daha çox dağıntıya məruz qalan Ağdam kəndində şəhid olan Elşad Məmmədovun ailəsinə də baş çəkiblər. Elşad Məmmədov 1996-cı ildə Tovuz rayonun Ağdam kəndində anadan olub. Ailəli və bir oğul atası idi. Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüb şəhid olan Elşad Məmmədovun ölümündən sonra ikinci öldadı dünyaya gəlib.

Şəhidin atası Dönməz Məmmədov oğlu haqqında xatirələrini Trend TV-yə danışıb, övladı ilə fəxr etdiyini deyib: “Mənim oğlum keçən il bu vaxt şəhid oldu. İyulun 13-də dəfn olundu. Sağ olsun hörmətli Prezidentimizin diqqət, qayğısını hər dəqiqə hiss etdik. Prezident İlham Əliyevin tapşırığına əsasən, mənim nəvələrimə ev tikildi”.

Şəhidin anası Nuriyyə Məmmədova isə bildirib ki, Elşad vətənə çox bağlı idi: “Həmişə arzusu torpaqlarımızı düşməndən azad etmək idi. Elşad 12 iyulda şəhid oldu. Oğlum döyüşdə çox cəsurluq göstərib. Mən onunla fəxr edirəm”.

Ermənilər Tovuz döyüşləri zamanı Ağdam kəndinin infrastrukturuna ciddi ziyan vurub. Kəndin elektrik, qaz xətləri yararsız hala düşüb. Ölkə rəhbərinin tapşırığına əsasən, ötən bir il ərzində kənddə yeni elektrik yarımstansiyası tikilərək əhalinin istifadəsinə verilib. Bundan başqa, qaz təsərrüfatı və kommunikasiya xətləri yenilənib. Zərər görən evlər isə yenidən ya bərpa, ya da tikilərək sahiblərinə təhvil verilib.

Vahidli kənd sakini Sürayə Rüstəmova da ona göstərilən dövlət qayğısından xüsusi məmnunluğunu ifadə edib.

Döyüşlər zamanı rayonun sərhəddən xeyli uzaqda yerləşən Dondar Quşçu kəndi də ermənilərin təxribatına məruz qalıb. Nəticədə yerli sakinlərə məxsus bir neçə ev dağılıb. Tovuz döyüşləri zamanı rayonun kəndlərində zərər görən 61 evdə əsaslı təmir-bərpa işləri aparılıb. Mal-qarası tələf olan ailələrə iri və xırdabuynuzlu heyvanlar verilib, elektrik təsərrüfatları yenilənib. 6 kənddə 12 ev yenidən tikilib və açarları sahiblərinə təqdim edilib.

Teqlər: