Bu, Azərbaycanın son 2,5 ildə ən böyük həmləsidir

Bu, Azərbaycanın son 2,5 ildə ən böyük həmləsidir

10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli Bəyanatda Azərbaycanın zəfəri ilə bitən 44 günlük müharibədən sonra sülhün əldə olunması, münasibətlərin normallaşdırılması üçün vacib parametrlər öz əksini tapıb.

Bu sözləri AzerTimes-a Azərbaycan Dövlət Sərhəd Xidmətinin Ermənistan ilə sərhəddə, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması haqqında danışan terror və təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

Ekspert sərhəd-buraxılış məntəqəsinin qurulmasını Vətən müharibəsindən sonra ən böyük addım kimi dəyərləndirib:

“Üçtərəfli Bəyanatın mətni də Ermənistanın məğlubiyyətini və üzərinə götürdüyü öhdəlikləri təsbit edir. Yəni Ermənistan 10 noyabr bəyanatına imza atmaqla, Qarabağın bütövlükdə Azərbaycan torpağı olduğunu, Zəngəzuru da açmağı qəbul edib. Ancaq biz nə gördük? Ermənistan öhdəliklərini yerinə yetirməməklə birlikdə döyüşlərin dayanmasını beli qırılan ordunu dirçəltmək üçün fürsət olaraq dəyərləndirdi, digər tərəfdən isə Xankəndidəki separatçı qurumu yaşatmaq üçün Azərbaycanı təxribatlara çəkməyə çalışdı. Rəsmi İrəvan Xankəndiyə xarici diplomatları gətirdi, orada mitinqlər keçirilməsinə dəstək verərək, orda guya rəsmi bir qurumun olduğunu göstərməyə çalışdı. Ermənistan rus sülhməramlıların arxasında gizlənərək Laçın yolundan Xankəndiyə külli miqdarda silah-sursat, terrorçu və əsgər göndərdi. Eyni zamanda ordakı insanlara hərbi təlim keçməyə, demoqrafik vəziyyəti dəyişməyə cəhd göstərdilər. Bütün baş verənlərin fonunda və Ermənistanın özbaşına sərhəd-buraxılış məntəqəsi qurmasından sonra Azərbaycan da son dərəcə önəmli və dəyərli bir həmlə etdi. Sözügedən həmlə ilə Azərbaycan Laçın dəhlizində təşəbbüsü tamamilə əlinə aldı. Azərbaycan Xarici İşlər Nazirliyi dövlətin öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsi qurduğunu, 10 noyabr bəyanatının ruhuna sadiq qalaraq şəffaflığın təmin edilməsi məqsədilə Ermənistan ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Biz son hadisələr fonunda Azərbaycanın beynəlxalq hüquqda və 10 noyabr bəyanatında öz əksini tapan, amma Ermənistan tərəfindən pozulan haqlarını addım-addım bərpa etməsinə şahidlik edirik. Ermənistandan başlayan, Laçından keçərək Xankəndiyə birləşən yolun sərhəddəki başlanğıc hissəsində, Həkəri çayının üzərindəki körpüdə sərhəd-keçid məntəqəsi qurulması İkinci Qarabağ müharibəsindən sonra bəlkə də Azərbaycanın ən önəmli və tarixi həmləsidir. Son dərəcə önəmli nəticələri olacaq. Azərbaycan dövləti bundan sonra Ermənistanın və Rusiyanın bölgədəki davranışlarını diqqətlə izləməli, 10 noyabr bəyanatının tamamilə gerçəkləşməsi və sui-istifadə edilməməsi üçün lazımi müqaviməti göstərməyə hazır olmalıdır.

Digər ən önəmli məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Müharibənin həmişə nəticələri olur. Ermənistan məğlubdur, nəticələrinə də qatlanmalı, Azərbaycan torpaqlarından gözünü çəkməlidir. Ermənistan mövcud vəziyyəti istismar edir. Dövlətlərin sərhədləri, əraziləri olur. Azərbaycan da bütün normal və özünə hörmət edən dövlətlər kimi sərhədlərində və ərazilərində suverenliyini bərpa etmək üçün beynəlxalq hüquq çərçivəsində addımlar atır”.

Teqlər: