Hazırda gömrük orqanları ilə sahibkarlar arasında əlaqələr yaxşı şəkildə qurulur.
AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2023” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, 2015-2021-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb:
“Eyni zamanda qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub. 5 700 çeşidli maldan 1 990-nı ixrac edilib, 1234-ü isə davamlı ixraca göndərilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracında qeyri-üzvi kimya və plastmas məhsullarının payı artıb”.
Ş.Mövsümov onu da bildirib ki, son üç ildə qlobal geosiyasi vəziyyət mürəkkəbləşir:
“Qlobal ticarət sistemini parçalamaq təhlükəsi yaradan geosiyasi gərginliklər Azərbaycan üçün narahatlıq doğurur. Bunun nəticəsində qlobal əmtəə bazarlarında yaranan qeyri-müəyyənlik şəraitində milli iqtisadiyyatımız üçün yeni imkanlar və çağırışlar yaranıb. Həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də iqtisadiyyatın rəqabət qabiliyyətinin təminidir. Bununla yanaşı ixracyönümlü iqtisadi modelə keçidin reallaşdırılması, yüksək texnoloji tutumlu məhsulların istehsalının təşkil edilməsi nəzərdə tutulur”.