Bu ay 44 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 21-də III ixtisas
qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil
müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 22-də III ixtisas
qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər
üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

DİM-dən AzerTimes-a bildirlib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə,
Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay,
Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda
təşkil olunacaq.

İştirakçılar mayın 13-dən etibarən Dövlət İmtahan Mərkəzinin
saytında “İmtahana
buraxılış vərəqəsi
“ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix,
şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan
binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat
11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat
10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn
iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları
üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və
imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan
vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 189 imtahan
binası, 3322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
189 ümumi imtahan rəhbəri, 544 imtahan rəhbəri, 4158
nəzarətçi–müəllim, 503 buraxılış rejimi əməkdaşı, 189 bina
nümayəndəsi ayrılıb.

Mayın 21-də III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21521,
mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT
və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün
coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda isə 22878 nəfər
olmaqla, ümumilikdə 44399 abituriyentin iştirakı nəzərdə
tutulur.

İmtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün
tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər
üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə
hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak
edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə
təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış
keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə
imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin
edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 20-də təkrar baxış
keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar
möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin
əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 60 KİV nümayəndəsi
DİM-də akkreditasiyadan keçib.

Teqlər: