Dekabrın 16-19-da Rusiyanın paytaxtı Moskva şəhərində Dünya Pauerliftinq Federasiyasının (WRPF) təşkilatçılığı ilə pauerliftinq idman növünün 3 növçülük üzrə (squad, benç-press və dedlift) dünya çempionatı keçirilib.
Trend-in məlumatına görə, yarışda 30-dan çox ölkədən 3000-ə yaxın idmançı iştirak edib. Azərbaycan Pauerlitinq Federasiyasının təşkilatçılığı və rəhbərliyi altında Azərbaycanın pauerliftinq üzrə komandası 21 nəfərdən ibarət olmaqla çempionatda əzmkar mübarizə apararaq ümumilikdə 13 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Komandanın tərkibində iştirak edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 75 kq çəki dərəcəsində Pauerliftinq idman növü üzrə Squad (Ağırlığı oturub qaldırmaq), Benç-press (Ağırlığı sinə üzərinə qaldırmaq) və Deadlift (Ağırlığı yerdən qaldırmaq) 3 hərəkətin cəmində 743,5 kq ağırlığı qaldıraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala layiq görülüb.
Rövşən Xəlilov çempion və dünya rekordunu qıran ilk Azərbaycanlı kimi tarixə düşüb.
Rövşən Xəlilov yarışla bağlı təssüratlarını AzerTimes-a bölüşüb.
R.Xəlilov bildirib ki, 18 yaşından güləş idman növündən bu idman növlərinə keçid edib.
“Bu idmanda ən yadda qalan, mənim üçün ən dəyərli an dünya rekorduna görə Azərbaycan təmsilçisi Rövşən Xəlilov deyə dəvət etməkləri mənim üçün çox qürur verici və ən maraqlı anlar idi. Bu anı yaşamaq lazımdır, danışmaqla başa salmaq olmaz bu hissləri!” – deyə o qeyd edib.