Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı Azərbaycanla sülh sazişinin 16 maddəsinin razılaşdırıldığı haqqındakı bəyanatı ciddi müzakirələr doğurub.

AzerTimes xəbər verir ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla müzakirə edilən sülh sazişində 13 maddənin razılaşdırıldığı, yalnız 3 maddə və preambulada ortaq məxrəcə gəlinmədiyini bildirmişdi. Hətta ötən gün mediaya açıqlamasında Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sərkis Xandanyan da 7-8 oktyabrda Moskvada MDB Dövlət Başçıları Şurasının sammitində Nikol Paşinyanın Prezident İlham Əliyevlə qeyri-rəsmi görüşü zamanı razılaşdırılmayan maddələrə görə xarici işlər nazirləri səviyyəsində iki günlük müzakirələr keçirilməsini təklif etdiyini bildirmişdi. Yəni belə görünür ki, sözügedən 3 maddə üzrə razılaşma hələ də yoxdur.

Ancaq eyni gündə Alen Simonyanın “16 maddə razılaşdırılıb” deməsindən belə görünür ki, “razılaşdırılmayan maddə” qalmayıb və sülh sazişi artıq tam “hazırdır”.

Bəzi erməni nəşrləri iddia edib ki, Ermənistan əslində “kluarlarda” digər 3 maddə ilə bağlı Azərbaycanın tələblərini qəbul edib, Simonyan da dolayısı ilə buna işarə edib.

Azərbaycan politoloqları isə bunu Simonyanın hiyləgər gedişi kimi qiymətləndirir. Onların fikrincə, Alen Simonyan bununla guya sülh sazişi bağlamaq üçün heç bir maneənin qalmadığı təəssüratı yaratmaqla, Azərbaycanı “sülh sazişindən qaçan tərəf” kimi təqdim etməyə çalışır.

Teqlər: