Güney Azərbaycanın bəzi siyasi təşkilatları Azərbaycan Respublikasının Qarabağda başlatdığı antiterror tədbirlərini dəstəkləyən bəyanatla çıxış ediblər.
AzerTimes xəbər verir ki, siyasi təşkilatların müraciətində dövlətimizin üç ildir davam edən uğurlu siyasəti və ordumuzun rəşadəti nəticəsində Qarabağ erməni terrorçularınən işğalından azad edilməsi vurğulanıb.
Bildirilib ki, aparılan sülh danışıqlarına rəğmən, işğalçı ermənilər və onların dəstəkçiləri öz terrorçu xislətindən əl çəkməyərək, terror və təxribatlarına davam etdilər.
“Azərbaycan dövləti beynəlxalq normalara və insan haqlarına uyğun olaraq bu üç il ərzində Qarabağda yaşayan ermənilərə humanist davranışlar göstərsə də, onlar çirkin əməllərini dayandırmadı. Terrorçuları zərərsizləşdirmək üçün Azərbaycan öz torpaqlarında və ərazisində barınan separatçı rejimin qüvvələrini təmizləmək üçün antiterror tədbirlərinə başladı. Biz, Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan təşkilatlar olaraq bəyan edirik ki, hər an dövlətimizin və vətənimiz Azərbaycanın bu haqlı davasında, ordumuzun yanındayıq və dövlət başçımız sayın İlham Əliyevin uğurlu siyasətini tam dəstəkləyirik.
Son olaraq Tehrandaki antiazərbaycan qüvvələrə xəbərdarlıq edirik ki, Quzey Azərbaycan əleyhinə hansısa əmələ girişmək 35 milyon Güney Azərbaycan və İran türkünün qırmızı xəttidir və mütləq qarşılığını alacaqdır”, – bəyənatda qeyd olunub.
Qeyd edək ki, Qarabağdakı erməni terrorçular bu dəqiqələrdə təslim olduqlarını elan edib və Azərbaycanın tələblərini qəbul ediblər.