Martın 9-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “AG Bank”, “Amrahbank” və “Gəncəbank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac olacaq.
AzerTimes xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat verib.
Qeyd olunub ki, söhbət “AG Bank”a məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, 1 ünvanında yerləşən 453,2 kv.metrlik fərdi yaşayış sahəsindən, “Amrahbank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 ünvanında yerləşən 38,9 kv.metrlik mənzildən, eləcə də “Gəncəbank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 254 ünvanında yerləşən 72 kv.metrlik mənzildən gedir.
Əmlaklara müvafiq olaraq 220 min manat, 50 min manat və 180 min manat qiymət qoyulub.
Xatırladaq ki, “AG Bank”ın lisenziyası 2020-ci ilin mayın 12-dən, “Amrahbank”ın lisenziyası 2020-ci ilin aprelin 28-dən, “Gəncəbank”ın lisenziyası isə 2016-cı ilin yanvarın 22-dən ləğv edilib.