Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin törəmə şirkəti olan ADY Konteyner MMC Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir- bərpa işləri ilə bağlı müştərilərə alternativ marşrut təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə “ADY Konteyner” məlumat yayıb.
Məlumata görə, yeni marşrut ilə yüklər gəmilərlə Türkiyənin Dərincə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batumi limanlarına çatdırılacaq. Limanlarda konteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına daşınacaq. Daha sonra yük Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradan da dəmir yolu vasitəsilə Orta Asiyadakı təyinat stansiyalarına göndəriləcək.
“Bu yeni dəmiryolu-dəniz əlaqəsi yüklərin təyinat stansiyalarına vaxtında çatdırılmasını və təchizat zəncirinin bütövlüyünü təmin edəcək”, – “ADY Konteyner” bildirib.