Bakı Slavyan Universiteti rektorunun səlahiyyətlərini icra edən,siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Azərbaycan jurnalistlərini 22 İyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli media nümayəndələri!
Hamınızı 22 İyul-Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs, şərəfli, eyni zamanda çətin və məsuliyyətli peşə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin Qafqazın ilk müsəlman-türk qəzeti olan “Əkinçi” qəzeti ilə əsasını qoyduğu, milli maarifçilərimiz tərəfindən inkişaf etdirilən Azərbaycan milli mətbuatı ana dilimizin ədəbi dil kimi təkmilləşməsində, zəngin mədəni irsimizin, yüksək milli-mənəvi dəyərlərimizin, dövlət və dövlətçilik ənənələrimizin təbliğində əvəzsiz xidmətlər göstərmişdir.
Çağdaş milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin mətbuata verdiyi yüksək dəyər və dəstəyin nəticəsində yüksələn inkişaf mərhələsinə qədəm qoymuş, milli mətbuatımızı senzuradan azad, fikir və söz azadlığının təmin olunduğu, davamlı dövlət dəstəyi ilə əhatə olunmuş platformaya çevirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı nəticəsində müasir milli mətbuatımız özünün ən yüksək inkişaf səviyyəsində qərar almışdır.
Qürurlandırıcı haldır ki, milli mətbuatımızın 146-cı ildönümünü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu şəraitdə qeyd edirik. Tariximizin şərəf salnaməsini təşkil edən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini dünyaya çatdıran bütün media mənsublarına Bakı Slavyan Universiteti ailəsi adından bir daha təşəkkürümüzü bildirir, erməni vəhşiliyinin qurbanı olmuş jurnalistlərimizə, eləcə də universitetimizin üç şəhid tələbəsinə Uca Allahdan rəhmət diləyirik.
Azərbaycan Respublikasında slavyan dilləri, mədəniyyəti və regionu üzrə elmi-pedaqoji kadr hazırlığını həyata keçirən Bakı Slavyan Universitetinin fəaliyyətinin işıqlandırılmasında verdiyiniz davamlı dəstəyə görə sizə dərin təşəkkürümü bildirir, ali təhsilin və elmin inkişafı naminə əməkdaşlığımızın bundan sonra daha sürətlə davam edəcəyinə əminliyimi ifadə edirəm. Bakı Slavyan Universiteti jurnalistikanın müasir tələblərinə cavab verən yüksək səriştəli jurnalistlərin hazırlığında sizin tövsiyə və dəstəyinizə arxalanır.
Sizi bir daha Milli Mətbuat Günü, eləcə də müsəlman dünyasının müqəddəs bayramlarından hesab olunan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, qalib ölkənin haqq səsinin ucaldılmasında yorulmaz əzmkarlıq və davamlı uğurlar arzu edirəm”.