Aprelin 26-da Bakı Slavyan Univeristetində (BSU) Aprel
döyüşlərinin 6-cı ildönümü münasibətilə Xüsusi Təyinatlı
Qüvvələrin (XTQ) kapitanı olmuş, şəhid Mühüd Orucovun xatirəsinə
həsr olunan “Vətən borcu” adlı filmin təqdimat mərasimi
keçirilib.
Tədbirin moderatoru “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyinin sədri, Aprel döyüşlərində şəhid olmuş
polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə
İctimai Birliyin fəaliyyəti, təşkil olunan silsilə tədbirlər
haqqında məlumat verib. Bildirib ki, belə tədbirlərin ərsəyə
gətirlməsində məqsəd şəhidlərin daşıdığı dəyərləri gənclərə
aşılamaqdır.
Sonra sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru Anar Nağıyev 44 günlük Vətən müharibəsində Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq”
ətrafında birləşən qəhrəmanların bütün xalqın həmrəyliyini nümayiş
etdirərək, Qarabağı geri qaytardıqlarını, Azərbaycanın
qəhrəmanlarına çevrildiklərini bildirib. Rektor ali təhsil
ocaqlarında şəhidlərin davamlı olaraq xatırlanmasının
əhəmiyyətindən danışıb. Anar Nağıyev bu günlərdə bu ali təhsil
müəssisəsinin şəhid məzunu Nicat Şükürlünün xatirəsinə həsr olunan
“Nicat yolu” adlı sənədli filmin nümayiş etdirildiyini xatırladıb.
O, BSU-da bu səpkidən olan tədbirlərin mütəmadi olaraq təşkil
olunduğunu və davamlı olacağını vurğulayıb.
Millət vəkili Ceyhun Məmmədov Zəfərin qazanılmasındakı misilsiz
xidmətləri olan hər bir şəhidin bir qəhrəmanlıq nümunəsi olduğunu
diqqətə çatdırıb.
Filmin ssenari müəllifi, telejurnalist Afət Telmanqızı
şəhidlərin qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmağın hər
kəsin mənəvi borcu olduğunu deyib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Mehman İsmayılov universitetlərlə birgə belə layihələrin həyata
keçirilməsinin gənclərin vətənpərvər ruhda böyüməsinə öz müsbət
təsirini göstərdiyini qeyd edib.
Şəhid Mühüd Orucovun döyüş yoldaşı, Vətən müharibəsi qəhrəmanı,
mayor Ağasəmi Şahgəldiyev onunla bağlı xatirələrini bölüşüb.
BSU-nun Magistrantlar Şurasının sədri Əli İsmayılov çıxışında
qeyd edib ki, Vətən uğrunda canından keçən hər bir şəhidin ruhu
daim dərin ehtiramla yad edilir.
Tədbirin sonunda çıxış edən şəhidin ailə üzvü Elşad Orucov
dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və
qayğıdan söz açıb.
Tədbir qəhrəmanlarla bağlı videoçarxın nümayiş etdirilməsi ilə
başa çatıb.