BSU-da “Elimizə Bahar gəlir” adlı Novruz bayramı şənliyi keçirilib (FOTO)

BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev
Novruz bayramı münasibətilə universitetin kollektivini
səmimi-qəlbdən təbrik edib, yüksək bayram əhvali-ruhiyyəsi,
cansağlığı arzulayıb. Rektor bildirib ki, xalqımızın əsrlər boyu
qoruyaraq nəsillərdən nəsillərə ötürdüyü dərin mədəni və tarixi
ənənələrini özündə əks etdirən Novruz bayramı dostluq, inkişaf,
həmrəylik, birlik kimi dəyərləri özündə simvolizə edir. Novruzun
əsrlər boyu formalaşmış dəyərləri xalqımızın milli kimliyində öz
əksini tapmış, müasir Azərbaycan dövlətinin inkişafını təmin etdiyi
qeyri-maddi dəyərlər sistemində əhəmiyyətli yerə malikdir. Novruz
bayramını Azərbaycan xalqının “Qəlbinin, ruhunun bayramı”
adlandıran Ulu Öndər Heydər Əliyev bu bayramın dövlət səviyyəsində
qorunmasını və inkişafını təmin edib.

Bir çox Şərq ölkələrinin ümumi dəyəri olan Novruz bayramı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
davamlı fəaliyyətinin nəticəsi olaraq 2009-cu ildə YUNESKO-nun
qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Biz xoşbəxt nəsilik
ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında artıq ikinci Novruzu Qarabağda, Şuşada qeyd
edirik.

Rektor çıxışında vurğulayıb ki, hər yeni gün qarşımızda yeni
məramlar və məqsədlər müəyyən edir. BSU olaraq qarşımızda yüksək
keyfiyyətli təhsil proqramlarının, cəmiyyət,elm və iqtisadiyyatın
inkişafında davamlı töhfələrə sahib olacaq elmi-tədqiqat
nəticələrinin yaradılması kimi məsələlər durur. Azərbaycançılıq
məfkurəsinə, Vətən sevgisinə və yüksək biliyə sahib mütəxəssis
hazırlığı bütün dövrlərdə qarşımızda duran əsas missiyalarımız
olaraq qalır.

Sonra tədbir bədii-musiqili hissə ilə davam edib. Novruzun
personajları Kosa və Keçəlin çıxışları, BSU-nun “Arzu” rəqs
ansamblının ifa etdiyi milli rəqslər, vokal qrupunun “Novruz”
mahnısını, universitetin tələbəsi Aydan Şahgəldiyevanın “Bir sevgi”
mahnısını, universitetin məzunu Ceyhun Arezin “Əğyar” və “Üçrəngli
Zəfər” mahnılarını, tələbə Murad Hüseynlinin “Bakı” mahnısını ifa
etmələri və Məktəb-Lisey Kompleksi şagirdlərinin hazırladıqları
“Bahar” kompoziyası tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbir “Azərbaycan” mahnısının sədası altında “Yallı”rəqsinin
ifası, fakültələrin hazırladıqları bayram xonçaları ilə tanışlıq və
xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Teqlər: