Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin təşkilatçılığı ilə onlayn formada xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri” XII beynəlxalq elmi-praktik konfransı keçirilib.
Məlumat üçün bildiririk ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva bu beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə təşkil edilməsi məqsədilə 11 yanvar 2021-ci il tarixdə 2 nömrəli əmr imzalayıb. Həmin əmrə əsasən,konfransa hazırlıq işlərinin əlaqələndirilməsi və konfransın işinin təşkili üçün sədri universitetin rektoru, professor Nurlana Əliyeva olmaqla, tərkibinə universitetin prorektorları, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri və digər müvafiq struktur bölmələrin məsul şəxsləri və professor-müəllim heyətinin nümayəndələri daxil edilən 24 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Qeyd edək ki, “Microsoft Teams” platforması vasitəsilə keçirilən beynəlxalq elmi-praktik konfransda Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Qaraqalpaq Muxtar Respublikasının tanınmış universitetlərinin, həmçinin respublikamızın ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, elmi müəssisə və təşkilatların alim-mütəxəssisləri iştirak ediblər.
Konfransın plenar iclasında BSU-nun rektoru, professor Nurlana Əliyeva giriş sözü və “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Professor Nurlana Əliyeva iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki, bu gün BSU-da keçirilən beynəlxalq elmi-praktik konfrans xalqımız qarşısında böyük tarixi xidmətlər göstərmiş, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib. “Azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq elmi-praktik konfransı müasir dövrümüz üçün mühüm əhəmiyyət kəsb edən bir mövzuya həsr edilib. Ulu öndər Heydər Əliyevin xalqımızın rəsmi milli ideologiyası kimi müəyyən etdiyi Azərbaycançılıq ideologiyası bir çox istiqamətləri əhatə edir. BSU-nun gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan bir ali təhsil müəssisəsi kimi bu beynəlxalq elmi-praktik konfransı keçirməsi olduqca təqdirəlayiqdir. Biz tələbə-gənclərimizi bilikli, bacarıqlı, müasir düyagörüşünə malik, peşəkar və yüksəkixtisaslı kadrlar kimi, eyni zamanda xalqını, millətini ürəkdən sevən vətənpərvər, yüksək milli-mənəvi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edib formalaşdırmalıyıq.
Rektor Nurlana Əliyeva çıxışında qeyd edib ki, bugünkü beynəlxalq elmi-praktik konfrans həm də əlamətdar bir dövrə təsadüf edir. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin müdrik siyasəti, yenilməz iradəsi, hərbi məharəti, möhtəşəm diplomatiyası, hünəri, rəşadəti və şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu Qələbə nəticəsində xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoyuldu. Xalqımız bu möhtəşəm Qələbənin sevincini, qürurunu yaşayır. Qeyd etmək lazımdır ki, tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olmasında və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi kurs və strateji dövlətçilik konsepsiyası mühüm rol oynadı. Böyük qürur hissi ilə deyə bilərik ki, bügünkü müstəqil, hüquqi, demokratik, dünyəvi və hərtərəfli inkişaf edən, yüksək beynəlxalq siyasi nüfuza malik olan Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya miqyasında sayılıb-seçilən, nüfuzlu siyasi lider, mahir diplomat, Qalib Ordunun Müzəffər Ali Baş Komandanıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sülhsevər missiyası, onun Azərbaycanın dünyada tanıdılması sahəsində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət çox təqdirəlayiqdir. Rektor Nurlana Əliyeva çıxışının sonunda beynəlxalq elmi-praktik konfransın təskilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.
Konfransın plenar iclasında BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İşmayıl Hacıyev,Qərbi Qazaxıstan Universitetinin professoru Tuyakbay Rısbekov, Cənubi Qazaxıstan Universitetinin professoru Aliya Kulumbetova, Qaraqalpaq Dövlət Universitetinin professoru Məleykə Djumamuratova, BSU-nun Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov məruzələrlə çıxış ediblər.
Sonra konfans öz işini 7 bölmədə: “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, ” Vətən müharibəsi- Qarabağ Azərbaycandır!”, “Nizami Gəncəvi və Azərbaycanşünaslıq”, “Azərbaycanşünaslıq və filologiya məsələləri”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycan iqtisadiyyatı və qloballaşma”, “Hüquq və siyasi elmlərin aktual problemləri” adlı bölmələrdə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 127 məruzə dinlənilib, maraqlı və səmərəli müzakirələr aparılıb.
Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, konfransın yüksək səviyyədə təşkil edildiyi xüsusi vurğulanıb, həmçinin qərar və tövsiyələr qəbul edilib.
Məlumat üçün onu da qeyd edək ki, işçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan “Azərbaycanşünaslığın aktual problemləri” XII beynəlxalq elmi-praktik konfransın materialları ayrıca toplu şəklində çap edilib. “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap edilən toplu sertifikatla birlikdə konfrans iştirakçılarına təqdim edilib, xarici ölkələrdən olan iştirakçılara isə onlayn formada göndərilib.