Ötən günlərdə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə süni mayalanma yolu ilə övlad sahibi olan, amma sonra acı gerçəklərlə üzləşən atanın aldadıldığını sübut edə bilmədiyi məhkəmə qərarını yayımlamışdı. Həm qərar, həm də baş verənlər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və bir çox suallar doğurdu.
Qeyd edək ki, süni mayalanma ailələrin övlad sahibi ola bilmədiyi hallarda tətbiq edilən müalicə metodudur. Son illər bütün dünyada olduğu kimi ölkəmizdə də süni mayalanma yolu ilə uşaq sahibi olanların sayı artır. Bu metodun tətbiqinin bir neçə üsulu var. Adətən, süni mayalanma yolu ilə qadın yumurtası ilə kişi sperması laboratoriyada mayalandırılıb uşaqlığa köçürülür. Amma dünyada kişi sonsuzluğunun artması bəzi qadınların donor mayalanması ilə hamilə qalmasına gətirib çıxarır.
AzerTimes xəbər verir ki, Əkrəm Həsənov Teleqraf.com-a açıqlamasında bildirib ki, 2021-ci ildə qəbul edilmiş məhkəmə qərardan təsadüf nəticəsində xəbər tutub:
“Mən məhkəmə sistemində bir neçə buna oxşar qərar görmüşəm. Yəni bu, yeganə belə qərar deyil. Vaxtilə süni mayalanma yolu ilə iki uşaq sahibi olan ailə 7 ildən sonra dağılıb. Bu zaman məlum olub ki, kişi uşaqların atası deyilmiş. Məhkəmə prosesində ata atalığını müəyyənləşdirmək və aldadıldığını isbat etmək üçün məhkəməyə müraciət edib. Amma məhkəmə çox qəribə qərar çıxarıb.
Məhkəmə qərarında yer alan məlumata görə, boşanma zamanı kişi məhkəmədən tələb edib ki, uşağın biri ona qalsın. Əgər o bilsəydi ki, uşaq onun deyil, o bunu tələb edərdimi? Boşananda da o bilməyib ki, uşaq onun deyil. Kişinin dediyinə görə, qadın bunu ona özü deyib. Qərarlarda ad yoxdur, yalnız klinikada olan həkim Öndər Tulumbacının adı yazılıb.
Kişi deyir ki, mən başqasının donor olmasına razılıq verməmişəm, klinika da kişinin donora razılıq verdiyi kağızı ortalığa qoya bilmir.
Mənə təəccüblü gələn məhkəmənin mövqeyidir. Məhkəmə bildirir ki, kənar donora razılıq vermədiyini kişi özü sübuta yetirməlidir. Bu, nəinki hüquqa, sağlam məntiqə də zidd haldır. Mən etmədiyimi necə sübut edə bilərəm? Bu ona bənzəyir ki, sizin adınıza avtomobil və ya ev var, sabah onu kimsə qanunsuz öz adını keçirir, deyirlər, siz buna razılıq vermişdinizi sübut eləməlisiniz…
Klinika belə bir əməliyyatı aparmaq üçün kişidən uşağın başqa donorlardan olacağına dair razılıq almalıydı. Almalıdırsa, deməli, o sənəd klinikada olmalıdır. Amma klinika sənədi üzə çıxara, göstərə bilmir. Deməli, sənəd yoxdur. Buna baxmayaraq, Ali Məhkəmə qərar verib ki, kişi özü razılıq vermədiyini sübut etsin. Məhkəmənin digər cəfəng mövqeyi “razılıq olmasaydı, klinika heç vaxt belə əməliyyatı aparmazdı” arqumentidir.
Mən buna oxşar digər məhkəmə qərarını da görmüşəm. Həmin hadisədə də qadın kişini aldadıb, kişi hər şeyi boşanandan sonra bilib. Amma o məhkəmə prosesində klinika kişinin razılıq ərizəsini təqdim edib. Kişi də deyib ki, imza mənim deyil, ekspertiza da bunu təsdiqləyib.
Buna baxmayaraq, qadın Ali Məhkəməyə şikayət verib, Ali Məhkəmə də bildiriub ki, bununla hansısa nəticəyə gəlmək olmaz, işi geri qaytarıb. O işin necə bitdiyini bilmirəm”.
Kişi DNT analizi ilə faktı müəyyən edə bilər
“Bəs bioloji atanın kimliyini müəyyənləşdirmək üçün DNT analizi belə məqamda hansı rol oynayır?” sualına Əkrəm Həsənov belə aydınlıq gətirdi:
“30-40 il bundan əvvəl DNT analizləri yox idi. O zaman məhkəmələr belə işlərə baxanda əsas götürdükləri məqam o idi ki, əgər ər-arvaddırsa, birgə yaşayırlarsa və uşaq da birgə yaşayış dönəmində dünyaya gəlibsə, artıq başqa nəyəsə ehtiyac duyulmurdu. Məsələ həll olunmuş sayılırdı. Kişi nə qədər çalışsa da əksini sübut edə bilmirdi.
İndi DNT analizləri hər şeyi sübut edir. Kişilər bunu uşaq doğulanda da yoxlatdıra bilərlər. İstənilən anda DNT analizi yolu ilə məsələnin aydınlaşdırılması imkanı var.
Bu məhkəmə prosesində də DNT analizi uşağın atanın spermasından törəmədiyini göstərilib. Amma üzə çıxmayan razılıq kağızına görə məsələ ilişib qalıb.
Ər-arvad özləri könüllü olaraq donor köməyindən istifadəyə razılıq verirlərsə, o zaman uşaqların ata-anaları hesab olunurlar. Bilirsiniz, belə ailələrin iki yolu var: ya uşaq evlərindən uşaq götürməlidirlər, ya da kişi özündə güc tapıb bu addımı atmalı və razılıq verməlidir.
Əgər razılıq yoxdursa, kişinin həmin uşaqla bağlı məsuliyyətindən söhbət gedə bilməz”.
Bakı Sağlamlıq Mərkəzinin adı hallanır
Qərarda adı çəkilən həkim Öndər Tulumbacı hazırda Bakı Sağlamlıq Mərkəzində işləyir. Elə sözügedən əməliyyatın da Bakı Sağlamlıq Mərkəzində reallaşdığı iddia olunur.
Məsələni dəqiqləşdirmək üçün Mərkəzlə əlaqə saxladıq.
Mərkəzdən bildirdilər ki, baş verən hadisə Öndər Tulumbacının mərkəzdə çalışmadığı dönəmə təsadüf edir:
“Öndər Tulumbacı dörd ildir Bakı Sağlamlıq Mərkəzində işləyir. Yeddi il öncəki hadisənin bizim klinikaya aidiyyəti yoxdur”.
Həm məsələyə aydınlıq gətirməsi, həm də bu cür prosedurların necə, hansı şərtlərlə həyata keçirilməsi ilə bağlı suallarımıza cavab almaq üçün Öndər Tulumbacı ilə dəfələrlə əlaqə yaratmağa çalışdıq.
O, suallarımızı cavabsız qoydu, sosial mediadakı qısa paylaşımında imzasız prosedurun baş tutmasının mümkün olmadığını qeyd etməklə kifayətləndi:
“Mərkəzimizə süni mayalanma üçün müraciət edən hər bir cütlük bu prosedurun başlanması üçün müvafiq sənədləri, ən əsası da yazılı razılıq sənədini imzalayır. Bundan əlavə, əgər süni mayalanma zamanı donor yəni başqa qadın və ya kişi cinsi hüceyrəsi) istifadə olunursa, bu prosesə başlamadan öncə mütləq ər və arvad tərəfindən hər ikisinin imzalı razılığı əldə olunur. Razılıq sənədi mərkəzə təqdim edilmədiyi təqdirdə bu prosedurun həyata keçməsi mümkün deyil”.