Xəbər verdiyimiz kimi, bu gün Brüsseldə AB Şurası rəhbəri şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutub.
AzerTimes xəbər verir ki, Qarabağda fəaliyyətini davam etdirməyə çalışan erməni separatçı dəstəsinin “parlament sədri” olduğunu iddia edən Artur Tovmasyan görüşdə müzakirə edilən məsələlərə toxunub.
O, sosial şəbəkə hesabında yazıb ki, mənbələrdən əldə etdiyi məlumata görə, Brüsseldə bu məsələlər müzakirə edilib:
– Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, o cümlədən sülh müqaviləsinin hazırlanması və imzalanması üzrə danışıqlar prosesi;
– Azərbaycanın suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin məskunlaşması;
– Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması,
– Laçın sərhəd-keçid məntəqəsində son qaçaqmalçılıq cəhdlərinin aşkarlanması məsələləri;
– Sərhədlərin demarkasiyası, nəqliyyat kommunikasiyaları və dəhlizlərin açılması, xüsusən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi;
– Qərbi Azərbaycan İcmasının problemləri: Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması;
– Humanitar yüklərin marşrutu Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişir.
Tovmasyan deyib ki, hər şey Azərbaycanın istəyinə uyğundur:
“Əl çalın, hər şey Azərbaycanın xeyrinədir. Qarabağın müqəddəratı ilə bağlı bir cümlə, bir söz də yoxdur”.