Azərbaycan Prezidenti İlham Əliyev, AB Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 15 iyulda Brüsseldə keçirilən danışıqlarda Bakı nümayəndə heyəti Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyi, onların öz doğma yerlərinə qayıtması məsələsini qaldırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Kaliber.az”a diplomatik mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Qərbi Azərbaycan ifadəsi öz növbəsində Ermənistana qarşı bunu “ərazi iddiaları” kimi görən erməni tərəfini qəzəbləndirib:
“Buna cavab olaraq İrəvana bildirilib ki, Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamaqda davam edir, o cümlədən Qarabağda silahlı birləşmələri saxlayır və maddi cəhətdən dəstəkləyir ki, bu da təkcə ərazi iddiaları deyil, əslində işğalçılıq siyasətidir. Üstəlik, qeyd olunub ki, İrəvanın Qarabağ məsələsində bəzi “beynəlxalq mexanizmlər” tətbiq etmək cəhdləri, eləcə də Azərbaycan ərazilərini təyin etmək üçün erməni toponimlərindən istifadə etməsi də ərazi iddialarından və Qarabağ regionu üzərində Azərbaycanın suverenliyini inkar etməkdən başqa bir şey deyil. Qərbi Azərbaycan məsələsi müstəsna olaraq Azərbaycan əhalisinin hüquq və təhlükəsizliyi məsələsidir ki, onların tarixi yaşayış yerlərinə qayıtmasını Ermənistan təmin etməlidir”.