Azərbaycan Prezidenti İlham Əliyevin Brüseldə Aİ Prezidenti Şarl
Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün
nəticələrini sülh prosesi üçün növbəti uğur, əhəmiyyətli irəliləyiş
kimi qiymətləndirmək lazımdır. Görüş Azərbaycanın elan etdiyi 5
prinsipin danışıqların yeganə müzakirə formatı olduğunu bir daha
təsdiqlədi.
Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil
Kərimli bildirib.
O, qeyd edib ki, 5 saatdan çox davam edən üçtərəfli danışıqların
nəticəsi olaraq bir neçə istiqamətdə razılaşmalar əldə edilib: “İlk
öncə xüsusi vurğulamaq lazımdır ki, görüşdə Dağlıq Qarabağ ifadəsi
işlədilməyib, status məsələsi gündəlikdə olmayıb. Görünən odur ki,
danışıqlar Azərbaycanın milli maraqlara uyğun formatda aparılıb və
həmişə olduğu kimi dövlətimizin qətiyyətli mövqeyi qorunub.
Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi Dağlıq Qarabağ
adlı ərazi yoxdur, Qarabağ var. Ən əsası isə Qarabağda yaşayan
etnik ermənilərin statusundan söhbət gedə bilməz. Bu da bir daha
göstərir ki, 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərdən sonra
Azərbaycan regionda yeni reallıqlar yaradıb və bunu hər kəs qəbul
edir”.
Görüş zamanı müzakirə olunan Qarabağ ermənilərinin
təhlükəsizliyinə gəldikdə isə, S.Kərimli vurğulayıb ki, Azərbaycan
onsuz da bununla bağlı dəfələrlə konkret mövqeyini bəyan edib.
Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların
təhlükəsizliyinə dövlətimiz zəmanət verir.
“Danışıqlarda işğaldan azad olunmuş ərazilırin minalardan
təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də müzakirə olunub ki,
bu da çox önəmli məsələdir. Çünki, Ermənistanın işğal dövründə
ərazilərimizi kütləvi minalaması hazırda bölgə üçün çox böyük
təhlükələr yaradır. Nəzərə alınmalıdır ki, minatəmizləmə işi
olduqca çətin və uzun vaxt aparan prosesdir. Azərbaycan son dövr
ərzində bu çətin şərtlər altında sürətli təmizləmə işləri həyata
keçirir. Birinci Qarabağ müharibəsi dövründə əsir və ya itkin
düşmüş yüzlərlə vətəndaşımızın taleyi də prioritet məsələdir ki,
Ermənistan bu istiqamətdə də öhdəliklərə əməl etməldir.
Danışıqların əsas məqamlarından biri isə əlbəttə ki, Azərbaycan
və Ermənistan arasında sərhədlərin müəyyən edilməsidir. Üçtərəfli
görüş bu baxımdan da müsbət nəticələib. Belə ki, yaxın zamanlarda
Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk
birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin
delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin
edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Bundan başqa
kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o
cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq
daşımaların tənzimlənməsi və digər məsələlər barədə də razılığa
gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları,
həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri
barədə razılığa gəlinməsi də tərəflərin daha bir uğurdur. Brüssel
görüşünün nəticələrini əsas götürərək belə bir qənaətə gəlmək olar
ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri
tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələr perspektivli
olacaq”, – deyə S.Kərimli əlavə edib.