Brüsseldə tərəflər sülh sazişi mətninin üzərində iş aparılması üçün bir ay müddətində işçi qruplarının yaradılmasına razılaşıb.
Bundan öncə yenə Brüsseldə eyni anlaşma əldə olunmuşdu, İrəvan heç bir praktiki addım atmadı. İndi məsələ yenidən gündəmdədir. Görünür, İrəvanın öhdəliyini yerinə yetirməsi müzakirə olunub və razı salınıb. Lakin Ermənistanın razılaşma ilə bağlı praktiki mərhələdə addım atacağı yenə şübhəlidir.
Hərçənd, yekun bəyanat deməyə əsas verir ki:
– Qərb masasındakı müzakirələrdə də Bakının gündəliyindən kənara çıxılmır;
– Postmünaqişə reallığı Avropa Birliyi tərəfindən qəbul olunur və bu, Qərbdə “Minsk qrupu”nu diriltmək cəhdlərinə qarşı müsbət alternativdir;
– Anlaşma Azərbaycanın öhdəliklərini yerinə yetirməyən Ermənistana qarşı istənilən addımını legitimləşdirir.
Tərəflər noyabrın sonuna qədər eyni formatda görüşməyə də razılaşıb. Ermənistan Moskva masasında nəsə əldə etməyə çalışacaq, lakin burada da gündəliyin təxmini eyni olması İrəvanın “çıxış yolu” axtarışını nəticəsiz edir.