Brüssel görüşü Ermənistanın manevr imkanlarını məhdudlaşdırır – ŞƏRH

Ermənistan hakimiyyətinin qütblərarası manevrləri, daxili
siyasətə hesablanmış və xarici amillərdən qaynaqlanan manipulyativ
davranışları, həmçinin revanşçı qrupların kənardan
stimullaşdırılan, bəhanə xarakterli pozucu addımları Bressel
gündəliyini dəyişə bilmədi. Bunu Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən
növbəti üçtərəfli görüşüdə müzəkirə olunan məsələlər və əldə olunan
nəticələr də təsdiqləyir.

Bunu AzerTimes-a
siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin
görüşdən sonra mətbuat üçün açıqlamasında yer alan istiqamətləri
əsas götürsək, müzakirə olunan məsələlərin siyahısı kifayət qədər
geniş olub.

“Avropa Şurası Prezidentinin mətbuat üçün açıqlamasında, daha
öncəki bəyanat və açıqlamalarda olduğu kimi, “Daqlıq Qarabağ”
ifadəsinin işlədilməməsi, bu söz birləşməsinin 44 günlük müharibədə
Azərbaycanın qələbəsinin nəticəsi olaraq, qlobal siyasi gündəmdən
çıxarıldığını və bu məsələdə rəsmi Bakının, ölkənin inzibati ərazi
bölgüsünə əsaslanan mövqeyinin qəbul edildiyini sübuta yetirir.

Görüşdə artıq tarixin arxivinə yola salınmış “status”
məsələsinin müzakirə predmeti olmaması, həmçinin Azərbaycanda
yaşayan erməni əhalisinin hüquqularından söz açılması rəsmi Bakının
daha öncə açıqladığı baxış bucağı ilə üst-üstə düşür.

Azərbaycan həm müharibədən öncə, həm də postmüharibə dövründə
ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə təminat
verdiyini, ölkə Konstitusiyasının Azərbaycan vətəndaşlarına verdiyi
hüquq və azadlıqların onlara da şamil edildiyini dəfələrlə bəyan
edib. Məhz bu baxımdan, bu, ölkəmiz üçün hüquqi və siyasi baxımdan
öz həllini tapmış məsələ hesab oluna bilər”, – deyə E.Mirzəbəyli
deyib.

O qeyd edib ki, görüşdə işğaldan azad etdiyimiz ərazilərin
minalardan təmizlənməsi, eləcə də itkin düşmüş şəxslərin taleyi ilə
bağlı məsələlərin müzakirəsi, sözügedən istiqamətlərdə də rəsmi
Bakının mövqeyinin dəyişmədiyini nümayiş etdirir.

“Həmçinin, proses iştirakçılarının diqqətinə bir daha çatdırır
ki, Azərbaycan həllini tapmamış humanitar problemlərə sülh
gündəliyinin tərkib hissəsi kimi yanaşır.

Üçtərəfli görüşdə əldə olunan nəticələr Ermənistanın manevr
imkanlarının məhdudlaşdırılması baxımından da əhəmiyyətlidir. Bu
xüsusda, sərhədlərin delimitasiyası, sərhəddə sabit vəziyyətin
təmin edilməsi ilə məşğul olacaq sərhəd komissiyalarının ilk birgə
iclasının keçirilməsi, gələcək sülh müqaviləsi üzrə müzakirələrin
irəli aparılması, kommunikasiyaların açılması istiqamətində
fəaliyyətin davam etdirilməsi, Zəngəzur dəhlizinin
reallaşdırılması, beynəlxalq daşımalarının tənzimlənməsi, sərhəd
idarəçiliyi, təhlükəsizlik, gömrük, torpaq haqları və digər bu kimi
digər məsələlər üzrə əldə olunan razılaşmaları nəzərə alsaq,
Ermənistanın bütün iddialarına, yayındırıcı manevrlərinə
baxmayaraq, Brüssel sülh gündəliyinin dəyişməyəcəyini söyləyə
bilərik.

Əks təqdirdə, Aİ-nin iştirakı ilə başladılan proses iflasa
uğrayacağı və Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur
edə biləcək prosesin növbəti mərhələsinin həyata keçirilməsi üçün
əlverişli zəmin yaranacağı daha real görünür”, – deyə E.Mirzəbəyli
əlavə edib.

Teqlər: