Azərbaycan mediasının yazdıqları doğrudursa, bu artıq sadəcə təslim olmaq deyil, xəyanətdir. Paşinyan Brüsseldəki danışıqların nəticələrini necə izah edib əsaslandıracaq, bilmirəm.
AzerTimes xəbər verir ki, bunu erməni analitiki Qraçya Qalustyan deyib.
“Brüsseldə AB Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyan arasında danışıqlar aparılıb. Dərhal deməliyəm ki, bu format Ermənistan üçün deyil, Azərbaycan üçün sərfəlidir. Bu formatda keçirilən bütün əvvəlki görüşlər bunun əyani təsdiqidir. Hökumətimizin öz diplomatik məğlubiyyətləri ilə bağlı faktları necə naəlaclıqla inkar etməyə çalışdığını yaxşı xatırlayırıq. Bu formatda keçirilən görüşlərin birində baş verən ən mühüm hadisə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması olub. Bundan sonra rəsmi Bakı Qarabağin “blokadasını” gücləndirdi. Laçın yolu ilə bağlı olan bütün bəyanatlara isə çox sadə cavab verdi – Paşinyanın bəyanatını oxuyun. İndi də görüşün sonunda Mişel şənliklə bəyan etdi ki, Azərbaycan və Ermənistan liderləri digər ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini bir daha tam şəkildə təsdiqlədilər. Mişel qeyd edib ki, son iki ayda tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasına yönəlmiş müzakirələrdə də aydın irəliləyiş əldə ediblər. Amma ən pisi bu deyil”, – o bildirib.
Qalustyan qeyd edib ki, Azərbaycan rəhbərliyinə yaxın olan nəşrlər danışıqların təfərrüatını açıqlayıb:
“Tərəflər sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyaları və dəhlizlərinin bloklanması məsələlərini, xüsusən də Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsini müzakirə ediblər. Bu belədir? Bizə dedilər ki, belə bir şey ola bilməz, Azərbaycanın dəhliz məntiqi qəbuledilməzdir. Bəs nə oldu? Mişel suallara cavab vermədi. Daha dəhşətlisi odur ki, Paşinyan da cavab vermədi. Onlar Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını da müzakirə ediblər. Bu isə tərcümədə “artsaxın” “müdafiə qüvvələrinin” tərk-silah edilməsidir. Və bu, sadəcə təslim olmaq deyil. Bu xəyanətdir”.