Brüssel görüşü: Əldə olunan razılaşmalar dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə
səfəri, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş
naziri ilə keçirdiyi görüşlər və əldə olunan razılaşmalar dünya
mətbuatının da diqqət mərkəzindədir.

Trend xəbər verir ki, dərc olunan məlumatlarda Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelə istinadla üçtərəfli görüşün çox
səmərəli keçdiyi qeyd olunur. Bildirilir ki, bu müzakirələrdə
etimadyaratma və digər müsbət səylərin dəstəklənməsi istiqamətində
mühüm irəliləyişlər əldə edilib. İnformasiyalarda Şarl Mişelin “Biz
hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa,
mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri
elementləri həll etməyə qərar vermişik” fikri xüsusi
vurğulanıb.

Qardaş Türkiyənin Anadolu Agentliyi, “TGRT Haber”, “TRT Haber”,
“Haber Global” telekanalları, “Yeni şafak”, “Akşam” qəzetləri və
sair media qurumları səfərin mahiyyəti barədə Türkiyə
ictimaiyyətini ətraflı məlumatlandırıb. Verilən informasiyalarda
Brüssel görüşünün Azərbaycanın maraqlarına uyğun, bölgənin gələcək
sülh və əmin-amanlıq şəraitində inkişafının təmin edilməsi
istiqamətində atılmış növbəti önəmli addım olduğu vurğulanır.

Almaniyanın “dpa” agentliyi, “Frankfurter Allgemeine Zeitung” və
“Süddeutsche Zeitung” qəzetləri, “tagesschau.de”,
“deutschlandfunk.de”, “spiegel.de”, “stern.de” və bu kimi digər
xəbər portallarında dərc edilən informasiyalarda Avropa İttifaqının
iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətindəki
səylərindən bəhs olunur. Bildirilir ki, Şarl Mişel tərəflər
arasında əldə edilən razılığın “düzgün istiqamətdə atılan addım
olduğunu” dilə gətirib.

İspaniyanın EFE xəbər agentliyi, SWI swissinfo.ch media
platforması da Brüsseldə keçirilən görüşlə bağlı informasiyalar
verib. Vurğulanır ki, bu görüşdə aprelin sonunadək Birgə Sərhəd
Komissiyasının iclasının keçirilməsinə dair razılıq əldə
olunub.

Avropa İttifaqının “commonspace.eu”, “eureporter.co” media
resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişellə təkbətək, həmçinin Ermənistanın
baş nazirinin iştirakı ilə üçtərəfli görüşünə dair informasiyalar
verilib. Bildirilir ki, bu görüşlərdə əsas müzakirə mövzusu
Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin
normallaşdırılması məsələsi olub. İnformasiyalarda, həmçinin
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan da
bəhs edilir. Belçikanın “RTBF”, “VRT” nəşrləri və “RTL” agentliyi
isə Azərbaycanın və Ermənistanın sülhə nail olmaq üçün yenidən
danışıqlara başladığını yazır. Qeyd olunur ki, tərəflər aprelin
sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi, sülh
sazişi üzrə danışıqlara başlamaq kimi önəmli məsələlərdə razılığa
gəliblər.

Qeyd edək ki, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell rəsmi tviter
hesabında etdiyi paylaşımda bildirib ki, davamlı sülh, sabit və
təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və
Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub. “Mövcud
geosiyasi kontekstdə münaqişələrin diplomatik həll yollarını tapmaq
həmişəkindən daha vacibdir”, – deyə Cozep Borrell qeyd edib.

Azərbaycan Prezidentinin Brüsselə səfəri çərçivəsində keçirdiyi
görüşlər ərəbdilli mətbuatın da diqqət mərkəzində olub. “Əl Əhram”,
“Ən Nahar”, “Əl Naşra”, “Youm7”, digər qəzet və portallarda
yayımlanan xəbərlərdə Şarl Mişelin Avropa İttifaqının Azərbaycanla
Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar
məqsədli minatəmizləmə səylərinə, o cümlədən ekspert məsləhətini
təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə
maliyyə yardımının artırılması, bərpa və yenidənqurma işlərinə
dəstək olacağı fikirləri yer alıb. Materiallarda diqqətə çatdırılıb
ki, bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin
hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə
tapşırığın verilməsinə dair razılıq əldə olunub.

Həmçinin Misirin “əl-Diplomasi”, “Nile1” və “Yeni dünya
xəbərləri” portallarında “Brüssel görüşü Azərbaycanın daha bir
diplomatik qələbəsidir” sərlövhəli məqalə yayımlanıb. Məqalədə Şarl
Mişelin görüşün yekunlarına dair bəyanatında diqqətçəkən məqamlar
olduğu qeyd edilib. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti
bir dəfə də olsun “Qarabağ münaqişəsi” kəlməsini işlətməyib. Bu,
Azərbaycan və Ermənistanın ölkələrin ərazi bütövlüyü çərçivəsində
sülh müqaviləsinin imzalanmasına yaxın olduqlarını göstərir.

İranın “Fars news”, “Tasnim news”, “Aftab news”, “İlna news”,
“Farda news”, “Mehr news”, “Euro news” saytının fars dilindəki
bölməsi və başqa mətbuat orqanları Prezident İlham Əliyevin Aİ
Şurasının sədri Ş.Mişel və Ermənistanın baş naziri N.Paşinyanla
apardığı danışıqlara geniş yer verib. Materiallarda nəzərə
çatdırılıb ki, görüşlərdə qarşılıqlı etimadın qurulması, işğaldan
azad olunan ərazilərin minalardan təmizlənməsi, sülh sazişinin
hazırlanması prosesinin başlanması, münaqişədən əziyyət çəkən
əhaliyə maliyyə yardımının göstərilməsi məsələləri müzakirə
olunub.

Ukraynanın “İnterfax”, “RBK” informasiya agentlikləri,
“Korrespondent.net” xəbər portalı və digər saytlarda yayımlanmış
məqalələrdə isə bildirilir ki, Prezident İlham Əliyev və baş nazir
Nikol Paşinyan tərəfindən ölkələr arasında sülh sazişinə doğru
sürətli irəliləmək arzuları ifadə edilib. Bu məqsədlə bütün zəruri
məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində
işləmək üçün xarici işlər nazirlərinə tapşırıq verilib.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin dəvəti ilə Brüsselə səfəri və keçirdiyi görüşlər
Gürcüstan mətbuatının da diqqət mərkəzində olub, “kavkasia.net
(Kavkaz Online)”, “24news.ge”, “interpress.ge”, “aktual.ge”
informasiya portalları görüşlərlə bağlı oxuculara dolğun
informasiyalar təqdim ediblər.

Moldovanın “Tribuna”, “TV8” xəbər portalları, Yaponiyanın
“ajmedia.jp” saytı, Meksikanın “Publimetro” qəzetinin elektron
nəşrində dərc olunan materiallarda Brüssel görüşünün nəticələrinin
səmərəli olduğu qeyd edilir.

Teqlər: