Brüssel görüşü: Bu, İran üçün ölümdür – Voronin

Brüssel görüşü: Bu, İran üçün ölümdür – Voronin

Ermənistan, ABŞ və AB səviyyəsində görüş faktının əhəmiyyətini kiçiltmək olmaz. Üçtərəfli görüş İrəvan, Vaşinqton və Brüsselin atdığı ciddi geosiyasi addımdır. Bu, Rusiya, Azərbaycan və İran üçün düşmənçilik xarakteri daşıyan gedişdir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Voronin deyib.

“Aprelin 5-də Brüsseldə keçirilən görüş açıq-aşkar faktı göstərdi: yeni yaranmış ABŞ-AB-Ermənistan üçbucağı heç də bərabərtərəfli deyil. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ və dünyanın ikinci iqtisadiyyatı olan Avropa birdən-birə ən kiçik postsovet respublikası olan Ermənistana maraq göstərdi. Bu maraq haradan qaynaqlanır? Çox gözəl başa düşürük ki, Qərb “tərəfdaşlarımızın” humanitar maraqları olmur. Ona görə də Belçika paytaxtında keçirilən görüşdə əldə olunan nəticələri kiçiltməyin və mahiyyətini azaltmağın mənası yoxdur. Axı onun qapalı hissəsi də var idi ki, burada ilkin məlumatlara görə, Ermənistana hərbi yardımın göstərilməsi müzakirə olunurdu. ABŞ və AB-dən VİP-lər Paşinyanla görüşə sadəcə onun çiynini sıxmaq və iqtisadi cəhətdən kömək etmək üçün gəliblər. İnanmıram ki, ABŞ və AB-dən olan VİP şəxslər Paşinyanla görüşə, sadəcə olaraq, onu tərifləmək və iqtisadi cəhətdən kömək etmək üçün gəliblər. Əminəm ki, aprelin 5-də keçirilən görüş Ermənistanın təhlükəsizlik siyasətinin vektoru ilə bağlı razılaşmalara gətirib çıxarıb. İrəvan bu yaxınlarda Moskvaya rəsmi bildiriş göndərib ki, artıq rus sərhədçilərə ehtiyac yoxdur. Bundan əvvəl İrəvan Ermənistan-Azərbaycan sərhədində KTMT-nin yerləşdirilməsindən imtina edib və eyni zamanda AB missiyasına bu mövzuda razılıq verib. Missiya üzvləri bu yaxınlarda Ermənistanda rəsmi olaraq, mahiyyətcə diplomatik statusa bərabər olan xüsusi toxunulmazlıq statusu alıblar. Missiya tədricən AB-nin mülki müşahidə missiyasından NATO missiyasına çevrilməyə başlayır, çünki Kanada da onun bir hissəsi oldu. ABŞ nümayəndələrinin də ona qoşulması ilə bağlı məlumatlar yayılmağa başlayıb”, – o bildirib.

Voroninin sözlərinə görə, bütün bu addımlar Rusiya hərbi bazasını Ermənistandan sıxışdırıb çıxarmaq məqsədi daşıyır:

“Rusiya hərbi bazasının Ermənistanda olması İran üçün də önəmlidir. Tehran Paşinyana bununla bağlı mövqeyi ona sərt şəkildə çatdırıb. İran üçün Rusiya bazasının Ermənistandan çıxması və yerinə NATO bazası verilməsi ölümə bərabərdir. İran hədəf olub və qalır. Moskva, Bakı, Tehran üçün nə qədər acınacaqlı olsa da, yaxın gələcəkdə Cənubi Qafqazda və onun yaxınlığında çox ciddi, əvvəlkindən daha böyük sınaqlarla üzləşəcəyik”.

Teqlər: