Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru – TƏHLİL

Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl
Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə
üçtərəfli görüş keçirib. Avropa İttifaqı üçün olduqca mühüm olan
görüş nəticəsində bəyanat verilib.

Milli Məclisin deputatı Ramil Məmmədov AzerTimes-ın sualına cavabında
bildirib ki, görüşün nəticələri danışıqların uğurlu keçdiyini
söyləməyə əsas verir.

“Düşünürəm ki, burada Azərbaycan üçün ən önəmli nəticələrdən
biri, rəsmi Bakının danışıqların baza prinsipləri kimi irəli
sürdüyü 5 maddədən ibarət təklifin qəbul edilməsidir. Danışıqların
bu prinsiplər əsasında davam etdirilməsi Azərbaycanın mövqeyinin
güclü olduğunu bir daha təsdiq edir.

Bu, bir tərəfdən Azərbaycanın qalib dövlət olması, iqtisadi,
hərbi imkanlarına görə qarşı tərəfdən dəfələrlə üstün olması ilə
bağlıdırsa, digər tərəfdən, bizim mövqeyimizin beynəlxalq hüquqa
əsaslanmasından irəli gəlir. Çünki təqdim olunmuş 5 baza
prinsipinin hər biri tamamilə beynəlxalq hüququn hamı tərəfindən
qəbul olunmuş norma və prinsiplərinə əsaslanır.

Digər bir vacib bir məqam isə ondan ibarətdir ki, Azərbaycanın
beynəlxalq mövqeyi də əhəmiyyətli dərəcədə güclənib. Prezident
İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası ölkəmizi
dünyada etibarlı tərəfdaş, açıq siyasət yürüdən, qlobal əhəmiyyətli
hadisələrə məsuliyyətlə yanaşan, bir çox hallarda dünyanın
qarşılaşdığı problemlərin həllinə real töhfələr verən dövlət kimi
tanıdıb”, – deyə deputat bildirib.

R.Məmmədov qeyd edib ki, Brüssel görüşünün digər bir önəməli
nəticəsi bundan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında
birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm formalaşır. Onun
fikrincə, Avropa İttifaqına hər iki tərəfin etimadının olması
danışıqların uğurunu şərtləndirən əsas amillərdən biridir:
“Danışıqlarda yeni formatın meydana çıxması həm də o mənaya gəlir
ki, artıq daha əvvəlki formatların işlək olmadığını tərəflər qəbul
edirlər. Bu, ATƏT-in Minsk Qrupunun 30 illik səmərəsiz
fəaliyyətinin etirafı kimi də başa düşülə bilər”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dəfələrlə Minsk Qrupunun
öz gündəliyini yeni reallıqlara uyğunlaşdırmalı olduğunu, zamanın
çağırışlarına uyğun təşəbbüslərlə çıxış etməsinin vacibliyini bəyan
edib, lakin təəssüf ki, ATƏT-in Minsk Qrupu həmişə olduğu kimi,
ləng davranır.

“Hesab edirəm ki, Brüsseldə keçirilən son görüş həm də ona görə
əhəmiyyətlidir ki, artıq beynəlxalq ictimaiyyət də Minsk Qrupu
formatının effektiv olmadığını təsdiq edir. Halbuki, Azərbaycan
bunu uzun illərdir ki, ən yüksək tribunalardan səsləndirirdi.
Azərbaycan bu məsələdə də öz istəyinə nail olur”, – deyə deputat
bildirib.

R.Məmmədov sülh müqaviləsi üzrə danışıqların başlanması üçün
xarici işlər nazirliklərinə təlimat verilməsi və sərhəd məsələləri
üzrə birgə komissiyanın yaradılması barədə əldə olunmuş razılığın
görüşün kifayət qədər məhsuldar keçdiyinə dəlalət etdiyini
bildirib.

Siyasi şərhçi Elçin Mirzəbəyli isə AzerTimes-ın sualına cavab olaraq
bildirib ki, Aİ Şurası prezidentinin təşəbbüsü ilə Brüsseldə
keçirilən görüşdə əldə olunan razılaşamalar Vətən müharibəsindən
sonra Prezident İlham Əliyevlə Şarl Mişel arasında baş tutan
çoxsaylı görüş və telefon danışıqlarının doğurduğu nəticədir.

“Ötən ilin iyul ayında geniş nümayəndə heyəti ilə Azərbaycana
səfər edən Avropa İttifaqı Prezidenti ilə regionda davamlı sülhə və
təhlükəsizliyə nail olunması istiqamətində aparılan danışıqlar,
Azərbaycanın bölgənin gələcəyi ilə bağlı təşəbbüskar və obyektiv
mövqeyi Aİ-nin prosesə qərəzsiz yanaşmasını təmin edən əsas
amillərdən biridir.

Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimadlı
münasibətlərin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq hüququn
norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin prinsipial
şəkildə ifadə və müdafiə olunması, eləcə də davamlı
məsləhətləşmələr ötən ilin dekabr ayında Brüsseldə keçirilən ilk
üçtərəfli görüşün regiondakı mövcud reallıqların qəbul olunduğunu
ifadə edən sonluqla nəticələnməsinə zəmin yaratdı və bu amil özünü
aprelin 6-da keçirilən üçtərəfli görüşlə bağlı Aİ Şurası
prezidentinin bəyanatında da nümayiş etdirir”, – deyə E.Mirzəbəyli
bildirib.

O qeyd edib ki, aprelin 6-da keçirilən üçtərəfli görüşdə əldə
olunan razılaşmaların ən önəmli tərəfi, şübhəsiz ki, Azərbaycanla
Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması,
hər iki ölkənin xarici işlər nazirliklərinə bununla bağlı müvafiq
təlimatların verilməsi, Azərbaycanın ərazi bütövlüyünün və
sərhədlərinin toxunulmazlığının heç bir halda müzakirə predmeti
olmayacağının, rəsmi Bakının 5 baza prinsipindən ibarət şərtlərinin
qəbul edildiyinin göstəricisidir.

“Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin
ATƏT-in Minsk Qrupuna və onun həmsədrlik institutuna istinad
edilməməsi münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial
və imperativ şəkildə ifadə olunan mövqeyinin istisnasız olaraq
qəbul edilməsidir. Sülh danışıqları ilə bağlı Azərbaycanın və
Ermənistanın xarici işlər nazirliklərinə təlimat verilməsi isə
prosesin sözdən əmələ keçdiyini nümayiş etdirir.

Avropa İttifaqı Şurası prezidentinin yekun bəyanatında iki
dövlət arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı birgə
komissiyanın yaradılması və delimitasiya prosesinə ilk növbədə
başlanılması barədə razılığın əldə olduğunun vurğulanması, sərhəd
bölgəsində gərginliyin aradan qaldırılması, sülh prosesinə süni
əngəllər yarada biləcək təxribatların qarşısının alınması, prosesin
intensivləşməsi baxımından da mühüm əhəmiyyətə malikdir”, – deyə
E.Mirzəbəyli bildirib.

O əlavə edib ki, üçtərəfli görüşdə Azərbaycanın irəli sürdüyü 5
maddədən ibarət təklifin qəbul olunduğunu nümayiş etdirən
məqamlardan biri də kommunikasiyaların açılması, dəmir və avtomobil
yollarının çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin
yaradılması ilə bağlı razılaşmada da özünü büruzə verir.

“Burada da digər istiqamətlərdəki razılaşmalarda olduğu kimi, ən
önəmli məqam ikitərəfli təmasların intensivləşməsinə, həmçinin,
qarşılıqlı münasibətlərin formalaşmasına, prosesin sürətlənməsinə
imkan verən birgə məşvərət-əməkdaşlıq mexanizmlərinin
yaradılmasıdır. Avropa İttifaqının dəstəyi ilə Azərbaycanla
Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm və
formatın yaradılması, prosesə kənar qüvvələrin, o cümlədən, uğursuz
“Minsk Qrupu” vasitəçilik insitutunun cəlb edilməsi ilə bağlı cəhd
və manipulyasiyaların da üzərindən xətt çəkilməsi anlamına
gəlir.

Avropa İttifaqının işğaldan azad etdiyimiz ərazilərin minalardan
təmizlənməsi, itkin düşən şəxslərin tapılması, eləcə də quruculuq
və bərpa işlərində Azərbaycana öz dəstəyini ifadə etməsi qənaətimə
görə, bir çox aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu yanaşma,
eyni zamnda, Avropa İttifaqının beynəlxalq ictimaiyyətə “Azərbaycan
öz torpaqlarını işğaldan azad edib” və “işğalçı ölkə Azərbaycan
ərazilərinin dağıntılara məruz qoyub” mesajı kimi də qəbul oluna
bilər.

Brüsseldə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan
razılaşmalar öz praktikliyi və realist mahiyyəti baxımından mühüm
əhəmiyyətə malikdir. Bu baxımdan, Brüssel görüşü sülh prosesinin
intensivləşəcəyinə, əldə olunan razılaşmaların sürətlə həyata
keçirilməsi istiqamətində əməli addımların atılacağına böyük
ümidlər yaradır”, – deyə o əlavə edib.

Teqlər: