Brüssel görüşlərində ölkəmizin mövqeyinin dəstəklənməsi qalib Azərbaycanın nüfuzunun göstəricisidir – Vüqar Rəhimzadə

Tarixi Zəfərimizin reallıqları fonunda son bir ildən artıq
dövrün əsas tələbi bölgədə etimad mühitinin yaradılması, dayanıqlı
sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanmasıdır. 10 noyabr 2020-ci il
tarixli üçtərəfli Bəyanat özündə bütün bu məsələləri ehtiva edir.
Bu baxımdan keçirilən bütün görüşlərdə dövlət başçısı İlham Əliyev
10 noyabr Bəyanatının müddəalarının Ermənistan tərəfindən icra
olunmasının zəruriliyini qeyd edir. İkinci Qarabağ müharibəsinin
başa çatmasından bugünədək Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsinin
imzalanmasında vasitəçiliyin yerinə yetirilməsi məqsədilə 5 görüş
keçirilib. Bu görüşlərin ikisi Rusiyada, üçü isə Avropa İttifaqı
(Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın
paytaxtı Brüsseldə baş tutub.

Azərbaycan 44 günlük Vətən müharibəsinin davam etdiyi dövrdə də
Ermənistana sülh təklifini edərək hansı şərtlər daxilində
müharibənin dayandırılmasının mümkünlüyünü bildirmişdi. Amma
işğalçı dövlət havadarlarının dəstəyinə arxalanaraq bu təklifi arxa
plana keçirdi. Nəticədə bir addım da belə mövqeyindən geri
çəkilməyən Azərbaycan dövləti döyüş meydanında mənfur düşmənə
tarixdə heç zaman unutmayacağı dərsi verdi. Düşünmək olardı ki,
Ermənistan bu dərsdən nəticə çıxarıb kapitulyasiyasının təsdiqi
olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının icrasında
fəallıq nümayiş etdirər, sülh müqaviləsini qısa zamanda
imzalayaraq, bölgədə davamlı sülhün və təhlükəsizliyin yaradılması
fonunda yeni əməkdaşlıq formatlarının iştirakçısı olar və bununla
da iqtisadi böhrandan qurtulmaq imkanı qazanar. Amma
gözlənilənlərin əksinə olaraq Ermənistanın hələ də tərəddüd etməsi
diqqətdən kənarda qalmır. Baxmayaraq ki, 10 noyabr Bəyanatının,
eyni zamanda, Brüssel görüşlərində əldə olunan razılaşmaların
Ermənistanın qarşısında qoyduğu tələblər postmünaqişə dövrünün
reallıqlarının qəbuluna və işğalçı dövlətin də bununla
razılaşmasına çağırışdır. Azərbaycan Prezidenti İlham Əliyevin,
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın
baş naziri Nikol Paşinyanın mayın 22-də keçirilən üçtərəfli
görüşündən öncə ölkəmizin başçısının və Aİ Şurası Prezidentinin
ikitərəfli görüşündə müzakirə olunan məsələlər də bu kimi məqamlara
işıq salır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ötən ayın 6-da keçirilən Brüssel
görüşündə Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi
dəstəklədi: “Həmin görüşdə əldə olunan razılaşmalar mayın 22-də də
müzakirə mövzusu oldu. Üçtərəfli görüşdən sonra Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair mətbuata
açıqlamasında bildirdi ki, sərhəd məsələləri ilə bağlı sərhəd
komissiyalarının birinci birgə iclası yaxın günlərdə dövlətlərarası
sərhəddə baş tutacaq. Bu iclasda sərhədlərin delimitasiyası və
sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı
bütün məsələlərə toxunulacaq. Nəzərə alaq ki, Ermənistan
sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin
sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azərbaycan da
bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na
razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may
tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı
icra etmədi. Ermənistan öhdəlikləri pozmaqla məqsədinin nədən
ibarət olduğunu açıqlasa da, artıq dalana dirəndiyinin fərqindədir.
Artıq tarixin arxivinə göndərilmiş Dağlıq Qarabağ münaqişəsinin
həllində 28 il vasitəçilik missiyasının öhdəsindən gələ bilməyən
ATƏT-in Minsk qrupunun bu missiyasının yenidən bərpa olunacağına
edilən ümidlər sadəcə boş xəyaldan başqa bir şey deyil. Ermənistan
nəhayət, mövcud reallıqlarla barışmalı, Avropa İttifaqının
vasitəçilik səylərini yüksək dəyərləndirməlidir. Azərbaycan daim
bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək
istəyini hələ işğal dövründə bəyan etmişdir.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında yer alan
bu məqama yönəldib: “Liderlər Ermənistan ilə Azərbaycan arasında
dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə
dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın
həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə
heyətləri bu prosesi davam etdirəcəklər. Şarl Mişel, həmçinin
əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini
vurğulayaraq Avropa İttifaqının öz dəstəyini gücləndirməyə hazır
olduğunu da bildirdi.”

“Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanmasından
bəhs edərkən gələcəyə baxmağa çağırışlar etməklə yanaşı, bu məqamı
da diqqətə çatdırır ki, biz faciələrimizi, şəhidlərimizi
unutmamalıyıq. Ölkə Prezidentinin bu çağırışı Ermənistana
ünvanlanan mesajdır. Bu baxımdan ki, 30 ilə yaxın işğal dövründə,
ümumiyyətlə, tarixin ayrı-ayrı zamanlarında azərbaycanlılara və
türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən
Ermənistandır. Əsassız torpaq iddiaları nəticəsində 28 ilə yaxın
dövrdə 20 faiz torpaqlarımızı işğal altında, bir milyondan artıq
soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətində saxlayan
Ermənistandır. 44 günlük Vətən müharibəsində döyüş meydanındakı
uğursuzluqları ilə barışmayaraq mülki əhalini raket atəşinə tutan,
bununla da qatı müharibə cinayətləri törədən də Ermənistandır. Bu
sıralamanı xeyli davam etdirə bilərik. Azərbaycanın bu gün işğalçı
dövlətə sülh təklifi bu yaşananları unutmasından irəli gəlmir.
Sadəcə, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin
olunmasına, münasibətlərdə yeni səhifənin açılmasına səy göstərir.
Azərbaycan Ermənistandan fərqli olaraq tolerant və multikultural
dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə
müxtəlif millətlərin, etnik azlıqların, dinlərin nümayəndələri
dostluq, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan dövlətinin
Ermənistana sülh təklifi, insanlar arasında əlaqələrin
yaradılmasına xidmət edən birgəyaşayışın təmin olunması
istiqamətində göstərdiyi səylər də onun tolerantlığının
göstəricisidir”,- deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, bütün hallarda
Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılmasına yönələn hər bir görüş qalib Azərbaycanın
beynəlxalq mövqeyinin təqdimatıdır: “Azərbaycanla Avropa İttifaqı
arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Qeyd edək ki, ötən
ilin iyul ayında Şarl Mişel ölkəmizə səfəri zamanı qurumun sülh
müqaviləsinə dəstəyi ilə bağlı fikirlərini səsləndirərək bunu
dekabr ayında Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində
reallaşdırdı. Bugünədək Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə
keçirilən 3 görüş bu istəyin reallığa çevrilməsi istiqamətində
göstərilən səylərin aydın mənzərəsini yaradır. Brüssel görüşlərinin
hər biri Azərbaycanın Brüssel Zəfəri kimi dəyərləndirilir.
Görüşlərdə səsləndirilən bəyanatlarda da Avropa İttifaqının
ölkəmizə dəstəyi özünü aydın şəkildə nümayiş etdirir. Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişel, həmçinin bəyanatında 10
noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan, 11 yanvar 2021-ci
il tarixli Moskva və 26 noyabr Soçi görüşlərində imzalanan
sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə
çağırışlar edir ki, bu da Azərbaycanın mövqeyinə böyük dəstəyin
ifadəsidir.”

“Bugünədək keçirilən görüşlərdə Azərbaycanın işğaldan azad
edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə
gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki
yardım göstərməyə hazır olduğu bildirilib” söyləyən Vüqar Rəhimzadə
bu ümumiləşdirməni aparıb ki, hər bir görüş Azərbaycanın tarixi
Zəfərinin yaratdığı reallıqların həm regionda, həm də dünyada
formalaşdırdığı yeni siyasətin prespektivlərinə işıq salır.

Teqlər: