“British Council”ın regional və ölkə direktorları Bakı Ali Neft Məktəbində

“British Council” təşkilatının Avropa üzrə regional direktoru
Coanna Börk (Joanna Burke), Azərbaycan üzrə yeni təyin olunmuş
direktoru Nərgiz Hacıyeva və imtahanlar üzrə meneceri Nərgiz
Əkbərova Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Ali Məktəbin kampusu, ACCA, IELTS İmtahan Mərkəzləri,
laboratoriyalar ilə tanış olan qonaqlar sonra rektor Elmar
Qasımovla görüşüblər.

Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə
edən Elmar Qasımov onlara BANM haqqında məlumat verib və bildirib
ki, burada tədris tam olaraq ingilis dilində həyata keçirilir.
“British Council” və BANM arasındakı əməkdaşlığa toxunan rektor
qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi fəaliyyətə
başladığı ilk illərdən bu təşkilatla sıx əməkdaşlıq edir: “British
Council” təşkilatının ən yaxın tərəfdaşlarından biriyik. Bakı Ali
Neft Məktəbinin fəaliyyətə başlamasından ötən 10 il ərzində bu
təşkilatla bir sıra böyük layihələr həyata keçirmişik. İngilisdilli
tədris və IELTS imtahanlarının təşkili istiqamətində tərəfdaşlıq,
müəllimlərin təlimlərinin təşkil edilməsi, ötən ilin iyun ayında
Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində ACCA (Association of
Chartered Certified Accountants) Mərkəzinin açılması, həmçinin
IELTS Qeydiyyat Mərkəzinin yaradılması bizim uğurlu
əməkdaşlığımızın nümunələrindəndir”.

Elmar Qasımov, həmçinin ölkə üzrə yeni rəhbər Nərgiz Hacıyevanı
təbrik edərək, ilk dəfə yerli kadrın təşkilatın Azərbaycan üzrə
rəhbəri təyin edilməsinin qürurverici olduğunu vurğulayıb.

Bakı Ali Neft Məktəbinin kampusunu və burada yaradılan şəraiti
yüksək qiymətləndirən regional direktor Coanna Börk bildirib ki,
qısa müddətdə böyük nailiyyətlər əldə etmiş bu ali təhsil
müəssisəsi ilə təşkilatın əməkdaşlığı çox uğurludur. O, Bakı Ali
Neft Məktəbində açılan ACCA Mərkəzinin “British Council”
təşkilatının ən mühüm layihələrindən biri olduğunu və qısa müddətdə
dünya üzrə ən böyük mərkəzə çevrildiyini vurğulayıb.

“British Council” təşkilatının regional rəhbəri, həmçinin
təşkilat və BANM arasındakı yüksək səviyyəli əməkdaşlığın daha da
genişləndiriləcəyinə əminliyini ifadə edib.

Teqlər: