Britaniyada avtomobil istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Sentyabr ayında Böyük Britaniyada avtomobil istehsalı ötən ilin sentyabrı ilə müqayisədə 41,5 faiz azalıb.

Trend-in məlumatına görə, ötən ay ölkə ərazisində 67 169 avtomobil istehsal olunub ki, bu da 1982-ci ildən sonra qeydə alınan ən aşağı göstərici olub.

Qeyd olunur ki, bu sahənin pandemiyadan əvvəlki səviyyəyədək bərpa olunmasına istehsal prosesində dayanmalar, yarımkeçiricilərin çatışmazlığı, tələbin azalması kimi amillər mane olur.

Araşdırmalar nəticəsində məlum olub ki, detal çatışmazlığı, logistika xərcləri, sifarişlərin azalması ilə əlaqədar Böyük Britaniyada avtomobil istehsalçılarının 80 faizindən çoxu ziyan çəkib.

Mütəxəssislər hesab edir ki, ölkədə avtomobil istehsalı sahəsindəki mövcud vəziyyət 2022-ci ilin üçüncü rübünədək davam edə bilər.