Güclü külək, yağış və qarla müşayiət olunun “Arven” qasırğası nəticəsində Böyük Britaniyada ölənlərin sayı 3-ə çatıb.
Trend xəbər verir ki, ölüm halları Şotlandiyada, Şimali İrlandiyada və İngiltərənin şimal-qərbində qeydə alınıb. Bütün hallarda insanlar ağacların aşması nəticəsində ölüb.
Qarlı hava səbəbindən Liverpul və Kinqston-apon-Hall şəhərlərini birləşdirən M62 magistralında 120-yə yaxın yük maşını yığılıb. Bəzi dəmiryol xətlərində qatarların hərəkətində fasilələr yaranıb. Şotlandiyanın Aberdinşir bölgəsində fırtına səbəbindən sərnişinlər 17 saat qatarda qalıblar.
Qasırğanın törətdiyi fəsadlar nəticəsində Şotlandiyada 100 mindən çox ev işıqsız qalıb. Hazırda 60 minə yaxın evin elektrik təchizatı hələ də bərpa olunmayıb. Analoji hallar İngiltərınin şimal-şərqində və Şimali İrlandiyada müşahidə olunur.
Bildirilir ki, küləyin sürəti bəzi ərazilərdə 157 km/s çatıb.