Britaniya səfiri Tərtərə səfər etdi

Britaniya səfiri Tərtərə səfər etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonuna səfər edib.

Axa.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə səfirə rayonun infrastrukturu, sosial-iqtisadi göstəriciləri, istehsal olunan kənd təsərrüfatı məhsulları, sahibkarlığın inkişafı üçün investisiyaların cəlb olunması və Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, ilk peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, musiqi məktəbinə, klub icma mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb. 16 mülki şəxs şəhid olub, 63 mülki şəxs yaralanıb.

Səfir Tərtər şəhərinin mərkəzi meydanında Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olub.

Sonra o şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun ermənilərin atdığı “Smerç” tipli raketin nəticəsində dağılmış evində olub. Bir tərəfdə açıq havada dağılmış ev muzeyinə, digər tərəfdə dövlətin həmin dağılmış evin yanında öz vətəndaşına tikdiyi evə baxıb.

Daha sonra səfir Şıxarx qəsəbəsində böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsində olub. Məlumat verilib ki, “Marağa-150” abidəsi ermənilərin İran marağasından Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə ermənilərin özləri tərəfindən inşa edilib. 20-ci əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayanda abidə ermənilər tərəfindən qəsdən dağıdılsa da, hələ də onun qalıqları qalmaqdadır. Bu, erməni yalanını, məkrini ifşa edən tutarlı siyasi əhəmiyyətə malik bir abidədir.

Teqlər: