Ötən ilin ilk 10 ayında Britaniya tədarükçüləri Rusiyaya yarımkeçiricilər və pilotsuz təyyarələr də daxil olmaqla dəyəri 100 milyon dollardan çox kritik komponentlər ixrac edib.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms” nəşri Kiyev İqtisadiyyat Məktəbi və Rusiya sanksiyaları üzrə “Yermak-MakFaul” beynəlxalq işçi qrupunun hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, bu rəqəm təxminən 770 milyon dollar dəyərində kritik komponentlərin ixrac edildiyi 2022-ci illə müqayisədə Rusiya ilə Böyük Britaniya arasında ticarətin kəskin azaldığını göstərir. Bununla belə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından təxminən iki il keçsə də, Britaniya texnologiyası hələ də xaricdəki üçüncü tərəflər vasitəsilə Rusiya ordusuna yol tapır.
“Rusiya ilə birbaşa ticarətin azalmasında müsbət dəyişikliklərə baxmayaraq, ümumi rəqəm əhəmiyyətli olaraq qalır – 112 milyon dollar. 2023-cü ilin onuncu ayında Böyük Britaniya şirkətlərinin dolayı ticarəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 78 faiz artıb”, – deyə Kiyev İqtisadiyyat Məktəbinin baş elmi işçisi Yelena Bilousova bildirib.
Belə ki, Böyük Britaniyada istehsal olunan bir çox mallar Rusiyaya dolayı yolla, çox vaxt Çin, Honkonq və Türkiyə firmaları vasitəsilə daxil olur. Bununla belə, milyonlarla dollar dəyərində komponentləri birbaşa Rusiyaya tədarük edən bir neçə britaniyalı təchizatçı da var.